"Neftçilərin axtarışı nəticəsizdir"
Cəmiyyət
10:38 / 16.12.2016
856
"Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin (NQÇİ) 3 nömrəli Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçması nəticəsində itkin düşən 9 neftçinin axtarışları davam etdirilir.
Bu barədə "Azneft” İstehsalat Birliyində yaradılan qərargahdan bildirilib.
Qeyd edilib ki, axtarışlar hələ ki nəticə verməyib.
Dekabrın 15-də bir neftçinin - Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğlunun meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib. Digər 9 neftçinin axtarışları həm gəmi, həm də helikopterlərlə davam etdirilir.
Qeyd edək ki, ötən gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.