Fransa aviaşirkətləri Livana uçuşları DAYANDIRDI
Fransanın “Air France” və “Transavia” aviaşirkətləri İsrailin Livanın "Hizbullah" hərəkatına qarşı mümkün əməliyyatı ilə əlaqədar təhlükəsizlik təhdidləri ilə bağlı narahatlıqlar fonunda Livana uçuşları dayandıracaq.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə “BFMTV” telekanalı məlumat yayıb.
““Air France” aviaşirkəti uçuş təhlükəsizliyini ən yüksək səviyyədə təmin etmək üçün xidmət etdiyi ərazilərdə geosiyasi vəziyyətin inkişafını daim izləyir”, - aviaşirkətin mətbuat xidmətindən bildirilib.
Uçuşların dayandırılması iyulun 29 və 30-na planlaşdırılan reyslərə təsir edəcək. Eyni zamanda, Almaniyanın “Lufthansa Group” aviadaşıyıcısı Livanın paytaxtı Beyruta uçuşlara qoyulan qadağanın avqustun 5-dək uzadıldığını açıqlayıb. Daha əvvəl Livanın xarici işlər naziri vəzifəsini icra edən Abdullah Həbib bildirmişdi ki, bir sıra xarici aviaşirkətlər İsrailin Livana hücumundan ehtiyatlandıqları üçün Beyruta uçuşları dayandırıb.
.