“Bu hal abituriyentlərin ixtisas seçiminə çətinlik yaradır” - AÇIQLAMA
"Təhsilin pulsuz olması dövlətin vətəndaşına verdiyi ən önəmli güzəştlərdən biridir. Belə olmasaydı, Almaniya və Türkiyə kimi ölkələrdə təhsilin keyfiyyəti indiki səviyyədə olmazdı. Qardaş Türkiyədə təhsilin bütün pillələri 95 faiz dövlətin nəzarətindədir. Özəl məktəb açanların qarşısına isə bircə tələb qoyulur: təhsilin keyfiyyəti dövlət məktəblərindəki keyfiyyəti ötməlidir".
Sfera.az xəbər verir ki, bu barədə fikirləri təhsil eksperti Kamran Əsədov bildirib.
"Təhsilin keyfiyyətini ölçən müxtəlif parametrlər var. Əlbətdə ki, əsas öhdəliyi yaxşı vətəndaş yetişdirmək olan məktəbin funksiyası bununla bitmir. Nə də ki, sadə yazmağı, hesablamağı öyrətmək dövlətin standartını yerinə yetirmək demək deyil. Ən vacib göstərici məktəbin şagirdlərinin buraxılış, qəbul imtahanları və fənn olimpiadalarındakı nəticələrdir. Beynəlxalq qiymətləndirmə imtahanları isə təhsilin ümumi səviyyəsini ölçən alətdir. Artıq 2024-cü il üçün ölkədə bütün buraxılış və qəbul imtahanları başa çatıb, nəticələr açıqlanıb. Biz martın 3-ü və 10-u keçirilən buraxılış imtahanlarında 54 nəfərin maksimum 300 balı toplamasından sonra fərqli bir nəticə gözləyirdik. Hətta plan yerləri ilə bağlı ciddi ajiotaj yaradılmışdı”.
Ekpert qeyd edib ki, bu il 60 minə yaxın bakalavr pilləsinə yer ayrılıb.
“Keçən il bu rəqəm 55.800 idi. Müqayisə üçün 2010-cu ildə 29 min idi. 2 və 3-cü qrupun açıqlanan nəticələrindən sonra yenə də böyük faiz 100 balı keçə bilməyib. Ümumilikdə bu il də abituriyentlərin nəticələrinin plan yerlərinə adekvat olmayacağı, böyük sayda plan yerlərinin boş qalacağı dəqiqdir. DİM abituriyent 4 jurnalını ixtisas seçimi prosesi başlamazdan 3 gün əvvəl çap edir, bu da abituriyentlərə ixtisaslar ilə bağlı düşünməyə az vaxt verir”.
Ülkər Aburahmanlı