Vətəndaşlar dövlətdən 345 manat ödəniş ALACAQLAR - BU TARİXDƏN

Dünən Baş nazir Əli Əsədov “Məşğulluq haqqında” qanuna edilən dəyişikliklərin icrasının təmin edilməsi barədə sərəncam imzalayıb. Bu sərəncam kvotadan əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi qaydalarının reallaşdırılması məqsədini daşıyır.
Qərarla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı deputat Vüqar Bayramov deyib ki, sərəncamla, müvafiq qurumlar kvotadan əlavə iş yerlərinin yaradılması qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti yarım il ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini və məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edəcək. Bu dəyişikliklər iş axtaran vətəndaşlarımızın özəl sektorda işlə təmin olunmaqla dövlətdən ayda minimum əməkhaqqı məbləğində, yəni 345 manat vəsait almasına imkan verəcək. Minimum əməkhaqqı artdıqca bu məbləğ də yüksələcək. Bu dəyişikliklər özəl sektorda dövlət hesabına daha çox iş yerlərinin yaradılmasına xidmət edəcək və dövlət İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına özəl sektorda kvotadan əlavə 15 iş yerinin yaradılmasını dəstəkləyəcək”.
V.Bayramovun sözlərinə görə, praktik olaraq ilkin qiymətləndirmələrə əsasən, təxminən 15 mindən artıq vətəndaşın kvotadan əlavə işlə təmin edilməsi mümkün olacaq:
“Bu zaman onların maaşları dövlət tərəfindən ödəniləcək və onlar özəl sektorda işə cəlb olunacaqlar. Müvafiq qurumlar üçün ayrılan müddəti nəzərə aldıqda 2025-cü ilin əvvəlindən etibarən vətəndaşlar 345 manatlıq ödəniş üçün müraciət edə biləcəklər. Bu müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müraciət mexanizmi hazırlanacaq və gözlənilir ki, müraciət tam elektron olacaq. İlkin mərhələdə sahibkarlıq subyektləri müraciət edib qeydiyyatdan keçəcəklər və daha sonra iş yerlərini təklif edə biləcəklər”.
İqtisadçı son olaraq xatırladıb ki, 345 manat dövlət tərəfindən ödənilən hissədir: “Həmin iş yerlərində sahibkarlıq subyektləri də əlavə ödəniş imkanına malik olacaqlar. Məsələn, əməkhaqqı 650 manatdırsa, onun 345 manatı dövlət, 305 manatı isə işə götürən tərəfindən ödəniləcək. Bu mexanizm sosial müdafiə tədbirlərinin daha da gücləndirilməsinə xidmət edir”.
Günay