İnsan beynindən istənilməyən xatirələri silmək mümkündürmü? - Alimlərin ARAŞDIRMASI
Yəqin ki, hər insan həyatında bir dəfə də olsun yaddaşından hansısa xatirəni və ya məlumatı silmək istəyib. Ümumiyyətlə, insanlar gün ərzində bir çox mənbədən məlumat alır. Təbii ki, ixtisasından, işindən və sosial vəziyyətindən asılı olaraq alınan informasiyaların yükü də dəyişir. Bunlardan əksəriyyəti isə bizə təmamilə lazım olmur. Bunlardan başqa, yaşadığı hansısa travmatik hadisəni də unutmaq istəyənlər var.
Bəs beynimizdən hansısa informasiyanı silə bilərikmi? Filmlərdə və kitablarda bu haqda çox görüb və oxumuşuq, real həyatda bu proses nə dərəcədə reallığı əks etdirir?
Sfera.az mövzu barədə araşdırmasını təqdim edir.
İnsan yaddaşının, xatirələrinin formalaşması sistemi fiziologiyada ən az öyrənilmiş sahələrdəndir. Yaddaşın möhkəmlənməsi, yaxşılaşdırılması sahəsində elmi bilgilər, tibbi üsullar mövcud olsa da, silinməsinə dair fikir söyləməkdə indiyədək alimlər çətinlik çəkirdilər.
Beyində əsas üç yaddaş bölgəsi var: ön yaddaş, ana yaddaş və ictimai/sosial yaddaş. Ön yaddaşın beynin hipokampus bölgəsində olduğu təxmin edilir. Burada bəhs etdiyimiz gicgah bölgələrindəki (temporal və pariatal loblar) ana yaddaşlara və ön tərəfdəki (frontal lob) sosial yaddaşa davamlı hafizə transferi məsələsidir. Ön yaddaş qısamüddətli hafizədən məsuldur. Yaşanılmış ya da öyrənilmiş xatirələr burada 5-10 dəqiqəliyinə saxlanılır, sonra vacibliyinə və ciddiyyətinə görə ya buxarlaşaraq itir, ya da ana yaddaş və sosial yaddaş zonasına ötürülür.
Məsələn: bircə dəfə üçün lazım olan telefon nömrəsindən istifadə etdikdən sonra onu heç vaxt xatırlamırıq. Öyrənilmiş vacib məlumatlar və xatirələr ana yaddaş zonasına alınaraq hafizə təbəqələri formasında depolaşdırılır. Ən son əldə edilən məlumatlar ən üstdə qeydə alındığı üçün rahat yada düşür.
Sosial yaddaş, həm də psixoloji dünyamızın mərkəzi olan sol frontal (beynimizin sol ön tərəfi) bölgədə yerləşir. Yaşadığımız ağrılı, kədərli hadisələr ana yaddaşla yanaşı, sosial yaddaşda da qeydə alınır. Bu zonaya adətən xoşbəxt, gözəl xatirələr deyil, acı xatirələr depolanır. Ona görə də yaşadığımız xoşagəlməz hadisələri xoşbəxt anlarımızdan daha yaxşı xatırlayırıq. Çünki xoş xatirələr sadəcə ana yaddaşa köçürülürsə, acı xatirələr həm ana yaddaşa, həm də sosial yaddaşımıza depolanır. Sosial yaddaş fərdin cəmiyyətdə davranışlarını, əxlaqi quruluşunu təşkil edir.
Məsələn: antisosial, psixopatik şəxslərdə sosial yaddaş pozuqluğu var. Sosial yaddaş davranışlarımızda əsas rol oynayır. Hətta mədə və bağırsaq kimi daxili orqanların da işləmə sistemi ilə əlaqəlidir. Yaşanılan travmalar bir yandan sosial hafizəyə həkk olunduğu üçün eyni zamanda daxili orqanlarımızın işinə də təsir edir. Misal üçün, imtahan əvvəlində tələbədə mədə və bağırsaq funksiyaları pozula bilər, ürək çırpıntıları yaşaya, qan təzyiqində enmə və ya yüksəlmə ola bilər. Bunlar ruhi gərginliyin bədən psixosomatik əksolunmasıdır. Başqa cür desək, psixosomatik xəstəliklər, yaşanılmış travmaların mədə və bağırsaq funksiyaları üzərində uzunmüddətli mənfi təsirlərindən qaynaqlanır.
Sosial yaddaşa həkk olunan xatirələr şüuraltında da özünə yer edir. Fərd yaşadığı travmaları çoxdan şüurundan çıxarmış olsa da, sosial yaddaş zamanla fiziki dillə bunu xatırlaya bilir. Bu səbəblə də sol frontdaki sosial hafizəyə həkk olunmuş xatirələrin, şüurdankənar fiziki reaksiyalarla xatırlanmağı panik ataklara, uzunmüddətli xronik fiziki reaksiyalar isə psixosomatik pozuntulara (mədə xorası, spastik kolon, xronik qəbizlik və ya diareya kimi) səbəb olur.
Bəzən beyin fiziki və psixi sağlamlığı qorumaq üçün avtomatik olaraq hafizəyə həkk olunan xatirələri bir blok şəklində silir.
Psixoterapiya vasitəsilə “kaş yaşanmasaydı” dediyiniz travmatik hadisələrin sizə verdiyi ağrı azaldıla, təsirsizləşdirilə bilər. Bunun üçün psixoloji dəstək almağınız kifayətdir.
Yaddaşın silinməsi üçün alimlərin araşdırmaları isə hələ də davam edir.
Bir neçə il öncə ABŞ-nin Pensilvaniya ştatının Perelman Tibb Məktəbində yaddaşın uzunömürlülüyünə cavabdeh olan fermenti (orqanizmdə maddələr mübadiləsinə nəzarət edən və hüceyrələri formalaşdıran element) ortaya çıxarmışdılar. Ona təzyiq etməklə yaddaşı silmək mümkün olacağı bildirilmişdi. Başqa sözlə, insanlar qəza keçirərkən müvəqqəti və ya daimi hafizə pozuqluğu bu fermentin zədələnməsi ilə bağlıdır. Xatirələrin formalaşmasına isə sinaps adlı neyronlar cavabdehdir. Həmin neyronlara da ACSS2 adı verilmiş fermentlər təsir edir. Həmin fermentin funksiyası zəiflədiyi halda toplanmış xatirələr yavaş-yavaş unudulur. Hazırda alimlər bu üsulla nevroloji, psixi xəstələri narahat edən xatirələrdən "təmizləməyi” düşünürlər.
Upsala (İsveç) universitetinin alimləri isə bəyan edib ki, onlar insan yaddaşının idarə edilməsi sahəsində böyük bir irəliləyiş əldə ediblər və onların kəşfi sayəsində həddindən artıq həyəcanlı, narahat və depressiyaya meylli insanları müalicə etmək mümkün olacaq.
Mütəxəssislərin sözlərinə əsasən, insanın yaddaşından yenidən yaranan xatirələri silmək mümkün olacaq ( söhbət qısa müddətli yaddaş adlandırdığımız fenomendən gedir).
Belə ki, insan hər hansı bir informasiyanı öyrənəndə, bu onun beynində möhkəm uzunmüddətli yaddaş kimi toplanır, bu baş beyində xüsusi zülalların əmələ gəlməsi sayəsində mümkün olur. İnsan nəyisə xatırlamağa çalışdığı anda yaddaş bir müddət ərzində qeyri-stabil olur, o vaxta qədər ki, informasiyanın uzunmüddətli yaddaşa oturması prosesi yenidən təkrarlansın. Başqa sözlə, biz həqiqi hadisəni, yəni onun beynimizə həkk olunmuş ilkin versiyasını xatırlamırıq. Xatirələr heçdə statik, dəyişməz və sabit deyillər.
Alimlərin fikrincə, hər bir hadisə haqqında xatirələr, hər yeni hadisə baş verdikcə öz dəqiqliyini itirir və sonda onlar orijinal xatirəyə tamamı ilə zidd gələ bilərlər. Yəni insan keçmişdə nə baş verdiyini deyil, hadisə haqqında son xatirəsini yada salır. Bunun səbəbini isə alimlər məhz belə izah edilər: insan beyni daima informasiyanı adaptasiya etməyə çalışır.
Son olaraq, Niderlandın Nijmegen bölgəsinin Radboud Universitet xəstəxanasında işləyən alim Marijn Kroes komandası ilə apardığı araşdırmalar nəticəsində insan yaddaşında istənməyən xatirələrin silinə biləcəyini sübut edib. Kroes, şiddətli depresiya keçirən 42 nəfər üzərində apardığı təcrübələr zamanı 3 qrupa ayırdığı insanların beyinlərə «Həssas hədəfli Elektroşok-ECT» terapiyası tətbiq edərək nəticə əldə edib. Bu araşdırma nəticəsində insan beynində xoş olmayan xatirələri silməyi bacaran Kroes, elektroşoka bağlı olmadan əvvəl bütün iştirakçılara iki hadisənin görüntüsün izlədib. Birinci hadisədə bir maşının vurduğu bir insanın, ikincisində hücuma məruz qalan bir insanın görüntüsü var idi. Tam bir həftə sonra bütün iştirakçılara bu iki görüntüdən sadəcə birini bir dəfə daha göstərdilər və könüllüləri 3 qrupa ayırdılar.
Birinci qrupa eletroşok tətbiq edildi və o dəqiqə verilən suallara cavab vermələri tapşırıldı. İkinci qrup elektroşok tətbiq edildikdən 24 saat sonra verilən suallara cavab verməkləri tapşırıldı. Üçüncü qrupa elektroşok tətbiq edilmədən əvvəl suallar verildi. Nəticədə birinci və üçüncü qrupdakı iştirakçılar göstərilən videoları çox yaxşı xatırlayarkən, 24 saat sonra cavab verilməsi istənən ikinci qrupdakılar sadəcə bir dəfə göstərilən görüntünü xatırladıqları ancaq eletroşok tətbiq edilmədən əvvəl göstərilən videonu heç xatırlamadılar.
Marijn Kroes və komandası bu araşdırması ilə elektroşokla insan beynindən istənməyən şeylərin silinə bilməsi möcüzə bir həll kimi görünsə də, bir çox mübahisəyə səbəb oldu. Stanford Universitetinin alimi Hank Greely elektroşokla istənməyən xatirələri sildiyi kimi, silməsini istəməyəcəyiniz xatirələrində silənəcəyini, həmçinin beynə istənilən məlumatın yüklənə biləcəyinə də diqqət çəkib.
Son zamanlar çox yayılan üsullardan biri isə EDMR terapiyasıdır. EMDR, yəni “Eye Movement Desensitization and Reprocessing” ifadəsi azərbaycanca “Göz Hərəkətləri ilə Desensitizasiya və Yenidən Emal” olaraq müəyyən olunur. Bu terapiyaya posttravmatik stress pozuntusu, təşviş, obsesiv-kompulsiv pozuntu, panik pozuntu, müxtəlif fobiyalar, aqressiya kontrol problemləri, cinsi və fiziki istismar travmaları, kompleks travmalar, miqren, fibromiyalgiya, psixosomatik ağrılar və yemə pozuntuları (anoreksiya və bulemiya) kimi bir çox sahədə təsirli olduğu üçün üstünlük verilir.
Bu üsul, 1987-ci ildə Dr. Frensin Şapiro tərəfindən göz hərəkətləri ilə narahatedici düşüncələrin intensivliyini azalda biləcəyinin təsadüfən kəşfi nəticəsində ortaya çıxıb. Dr. Şapiro bu tapıntını travma qurbanları üzərində elmi olaraq araşdırıb və ikitərəfli stimullaşdırma texnikası ilə beyində meydana çıxan travmatik təsirlərin azalmasını təmin edib.
Lakin bu üsullar xatirələr yaddaşdan təmamilə silinmir, sadəcə problemli xatirələr daha sağlam beyində işlənir. Beləliklə, insanlar bu xatirələri xatırladıqda, onlar tamamilə əhəmiyyətsiz olur. Bu proses hipnozda da eyni şəkildə baş verir.
Nəticədə, iddialar çox olsa da, insan beynindəki informasiyanı siləcək bir silgi hələ də tibbi cəhətdən kəşf edilməyib. Gündəlik həyatda beyninizdəki informasiya yükündən azad olmaq və rahatlamaq üçün meditasiya etmək, musiqi dinləmək, yürüşlər etmək və mənəvi cəhətdən dincələcəyiniz vaxt keçirmək tövsiyə olunur. Lakin gün ərzində çox məlumat aldığınızı və bunun sizi ciddi şəkildə narahat etdiyini düşünürsünüzsə, ən azından, bu narahatlığı aradan qaldırmaq üçün psixoloqa müraciət edə bilərsiniz.
Firuzə Əliyeva