"Onun ən ikonik şəkil olduğunu deyirlər, amma mən..." - Tramp sui-qəsd cəhdindən DANIŞDI
ABŞ-nin keçmiş prezidenti Donald Tramp ötən gün baş verən atışmadan sonra ilk müsahibəsini verib.
Sfera.az bildirir ki, o, “New York Post” qəzetinə danışıb.
Tramp Miluokiyə gedərkən şəxsi təyyarəsində verdiyi müsahibədə hadisəni “reallıqdan uzaq” kimi qiymətləndirib. Sağ qulağına sarğı taxan sabiq Ağ Ev rəhbəri bu şəkildə foto çəkdirməkdən imtina edib. "Xəstəxananın həkimi bunun möcüzə olduğu dedi. Mən burada olmamalıydım, ölməli idim. Yəni qeyri-qanuni mühacirlərlə bağlı cədvəli oxumaq üçün başımı bir az sağa çevirməsəydim, bu baş verə bilərdi”, - Tramp səhhəti ilə bağlı danışarkən deyib.
O bildirib ki, vurulsa belə çıxışına davam etmək istəyib: “Lakin Gizli Xidmət Agentləri təhlükəsizliyə görə buna icazə vermədi”.
Sabiq prezident köynəyinin düymələrini açaraq sağ qolundakı göyərmələri də göstərib. Tramp həmçinin ayaqqabıları ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib. Belə ki, dünən yayımlanan görüntülərdə onun hücumdan sonra israrla ayaqqabılarını istədiyi eşidilib: “Agentlər məni xilas etmək üçün üstümə elə gəldilər ki, ayaqqabılarım ayağımdan çıxdı, amma deməliyəm ki, mühafizəçilər qəhrəmanlıq etdilər".
Sabiq prezident üzü qan içində, yumruğu havada olan fotosundan da danışıb: “Bir çox insanlar bunun indiyə qədər gördükləri ən ikonik şəkil olduğunu deyirlər. Onlar haqlıdırlar və mən ölməmişəm. Adətən simvolik bir şəkil üçün ölmək lazımdır".
Hücumda həyatını itirən yanğınsöndürənin dəfn mərasimində iştirak etməyi düşündüyünü açıqlayan Tramp Miluokidə edəcəyi çıxış mətnini dəyişdirdiyini bildirib və “Hədsiz sərt çıxış hazırlamışdım, amma bundan imtina etdim. Ölkəmiz hazırda parçalanmış vəziyyətdədir və mən birləşdirmək fikrindəyəm”. Son olaraq, Donald Tramp Baydenin ona zəng etməsindən məmnun olduğunu vurğulayıb.
Xatırladaq ki, ABŞ-nin Pensilvaniya ştatında tərəfdarları ilə keçirilən aksiyada Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdi edilib. Sui-qəsd cəhdindən sonra Tramp xəstəxanaya çatdırılıb. FTB-nin məlumatına görə, atəş açan 20 yaşlı Tomas Metyu Kruks zərərsizləşdirilib. Onun bu addımının səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
Günay