İyulun 11-i Ümumdünya Əhali Günüdür

İyulun 11-i Ümumdünya Əhali Günüdür

Hər il iyulun 11-i dünyada Ümumdünya Əhali Günü kimi qeyd edilir.

 

Sfera.az xəbər verir ki, bu tarix 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilatı olan Əhali Fondu tərəfindən təsis edilib və ilk dəfə 1990-cı ildə 90-dan artıq ölkədə qeyd olunub.

 

Ümumdünya Əhali Gününün qeyd edilməsində əsas məqsəd ailə planlamasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.  

 

Ümumdünya Əhali Gününün 2005-ci ildən etibarən Azərbaycanda geniş şəkildə qeyd olunmasına başlanılıb. Azərbaycanda MDB məkanında ilk dəfə olaraq elmi əsaslarla işlənilib, demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiq edilib.

 

Qeyd edək ki, 2024-cü ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycan əhalisinin sayı 10 milyon 181 min nəfərdir. Əhalinin 5 milyon 114 min nəfəri, yəni 50,2 faizi qadınlardan, 5 milyon 67 min nəfəri, yaxud 49,8 faizi kişilərdən ibarətdir. Azərbaycan əhalisinin çox hissəsi şəhərlərdə yaşayır. Əhalinin 54,5 faizi şəhərlərdə, 45,5 faizi kənd yerlərində qeydiyyata alınıb. Əhalinin 6,995 milyon nəfəri əmək qabiliyyətlidir. Əmək qabiliyyətli yaşadək olanların sayı 2,16 milyon nəfər, əmək qabiliyyətli yaşdan yuxarı olanların sayı isə 1,024 milyon nəfərdir. Ölkəmizdə hər 1000 nəfərə 11,1 nəfər doğulan, 5,9 nəfər ölən düşür. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR