Erməni ifaçı “Qarabağ” mahnısını oğurlayıb? - RƏSMİ AÇIQLAMA + VİDEO

Erməni ifaçı “Qarabağ” mahnısını oğurlayıb? - RƏSMİ AÇIQLAMA + VİDEO

Ermənilər Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” - “Anadır arzulara hər zaman Qarabağ”  adlı musiqi əsərini oğurlayıb.

 

Bu barədə Sfera.az-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, sözügedən mahnının erməni ifaçı Gor Yepremyan tərəfindən “Sirun jan” adı altında mənimsənilərək ifa edilməsi və “Youtube”da yayılması faktı araşdırılıb.

 

“İlk növbədə, Agentliyin ekspertləri Azərbaycan Respublikasının Xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov növbəti erməni oğurluğuna dərhal reaksiya veriblər. Onların təhlilinə əsasən müəyyən edilib ki, B.Nəsibovun “Qarabağ” əsəri muğamın çahargah ladında yazılıb və erməni ifaçının səsləndirdiyi “Sirun jan” adlı mahnı B.Nəsibovun “Qarabağ” əsəri ilə tam üst-üstə düşür. Ermənilər isə mahnını özgəninkiləşdirməyə çalışırlar. Ekspertlər bir daha təsdiq edirlər ki, B.Nəsibovun “Qarabağ” əsərinin adı ermənilər tərəfindən “Sirun jan” adı ilə dəyişdirilərək təhrif edilib”.

 

Qurum xatırladıb ki, “Qarabağ” əsəri Bəhram Nəsibovun mətn və musiqi müəllifi olduğu və ilk dəfə Arif Babayev tərəfindən 1972-ci ildə ifa edilmiş mahnıdır:

 

““Qarabağ” adlı mahnı Azərbaycan bəstəkarı Bəhram Nəsibovun ən məşhur mahnılarından biridir. Musiqisi və sözləri Bəhram Nəsibova aid olan “Qarabağ” mahnısı 1972-ci ilin 2 iyun tarixində Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınıb və Azərbaycan musiqisi kimi tanınır.  Erməni əsilli ifaçı Gor Yepremyan isə Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” mahnısını mənimsəyərək onun sözlərini dəyişib və “Sirun jan” adı ilə oxuyub. “Youtube” kanalında yerləşdirilmiş “Sirun jan” adlı musiqi əsəri haqqında verilən məlumatda Bəhram Nəsibovun adı göstərilməməklə müəllifin şəxsi hüquqları, “Youtube” kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi-nəzərdən isə Bəhram Nəsibovun əmlak hüquqları pozulub”.

 

Qeyd olunub ki, bu hal eyni zamanda milli qanunvericiliyin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Ermənistanın üzvü olduğu Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın 3-cü maddəsinin tələbinin pozulmasıdır: “Qeyd edilən fakt uzun illərdən bəri davam edən erməni ədəbi və musiqi oğurluğunun növbəti bir nümunəsidir”.

 

Günay 

 


OXŞAR XƏBƏRLƏR