Bu canlı 500 il yaşayırmış - Alimlərdən MARAQLI KƏŞF
Alimlər Qrenlandiya köpəkbalıqlarının 500 ildən çox yaşadığını kəşf ediblər.
Sfera.az xəbər verir ki, tədqiqat Praqada Eksperimental Biologiya Cəmiyyətinin (SEB) illik konfransında təqdim olunub.
Əvvəllər hesab edilirdi ki, bu ömür uzunluğu köpəkbalıqlarının soyuq yaşayış mühiti və aşağı aktivliyi ilə bağlıdır. Ancaq bu heyvanların uzunömürlülüyünün altında yatan amillərin daha mürəkkəb olduğu ortaya çıxıb.
Komanda bu yırtıcı balıqlardakı metabolik proseslərə diqqət yetirib. Tədqiqatçılar Qrenlandiya köpək balıqlarından qorunmuş əzələ toxuması nümunələri üzərində ferment analizləri aparıblar. Fərdlərin müxtəlif yaşlarında və ətraf mühitin temperaturunda spektrofotometrdən istifadə edərək fermentlərin metabolik aktivliyini ölçüblər.
Məlum olub ki, Qrenlandiya köpək balıqlarında əzələlərdə metabolik aktivlik zamanla faktiki olaraq dəyişməz qalır ki, bu da onların uzunömürlülüyündə əsas rol oynaya bilər.
Bu tədqiqatın nəticələri də göstərib ki, Qrenlandiya köpək balığının metabolik fermentləri yüksək temperaturda əhəmiyyətli dərəcədə aktivdir.
“Bu, köpəkbalığının qırmızı əzələ mübadiləsinin xüsusi olaraq qütb mühitinə uyğunlaşmadığını göstərir. Əks halda, biz temperaturla bağlı aktivlikdə daha kiçik fərq görəcəyimizi gözləyərdik”, – tədqiqatın aparıcı müəllifi, Mançester Universitetinin aspirantı Evan Kamplisson bildirib.
Mütəxəssislər, sürətlə dəyişən iqlimə malik bir dünyada daha az uyğunlaşa bilən uzunömürlü növlərin nəsli kəsilmək təhlükəsi ilə üzləşə biləcəyini qeyd edirlər.
İnci