Əhmədzadənin dotasiyası kəsilir
Cəmiyyət
13:33 / 12.12.2016
1063
Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin idarələrində ixtisarlar gedir
Bu barədə Politika.Az-a ASC-dəki qaynaqlardan məlumat daxil olub. İqtisadi böhran və qurumun dotasiyasının azaldılması ixtisarları şərtləndirib.
ASC sədri Əhməd Əhmədzadə idarələrdə ixtisarları kütləviləşdirib. İndi bir neçə adamın işini bir nəfər həyata keçirəcək.
Əldə etdiyimiz xəbərlərə görə, su anbarlarının istismarı idarələri, hidroqovşaqların istismarı idarələri, magistral kanalların istismarı idarələri, suvarma sistemləri və mexaniki suvarma idarələri, subartezian quyularının istismarı idarələri ixtisarlara başlamalı olub.
Bir müddət əvvəl də xəbər vermişdik ki, qurumun bütün şöbələrinin və institutlarının ləğvi nəzərdə tutulub.
Məlumatda qeyd olunur ki, Səhmdar Cəmiyyətinin nəzdində iki, Masallı rayonunda Viləşçay, Şəki rayonunda Əyriçay su anbarının istismarı idarələri, Ağstafa rayonunda Ağstafaçay, Lənkəranda Xanbulançay, Tərtərdə Tərtərçay, Füzulidə Mil-Muğan, İmişlidə Bəhrəmtəpə hidroqovşaqlarının istismarı idarələri ləğv edilə bilər.
Ekspert hesab edir ki, ən qısa müddətdə Meliorasiya və Su Təsərrüfatı ASC-nin yenidən KTN-nin tabeçiliyinə qaytarılmalıdır ki, vahid aqrar siyasət həyata keçirmək mümkün olsun. Bu struktur islahat həm də Meliorasiya və Su Təsərrüfatı ASC-nin kadr siyasətinin köhnəlmiş prinsiplərilə aparılmasına son qoya bilər. Amma idarələrdə ixtisarların olması işsizlərin sayını artırmaqdadır.
Politika.Az xəbər verir ki, Prezident Admininstrasiyası apardığı monitorinqlər zamanı müəyyən edilib ki, büdcə vəsaitlərinin böyük hissəsi rayonlarda məmurlar tərəfindən çırpışdırılıb.
Odur ki, başlarına çarə qılsınlar. Yanvardan bu ixtisarlar daha da kütləvi xarakter alacağı bildirilir. Qaynağımız vurğulayır ki, postneft dövründə qeyri-neft sektorunun inkişafı gücləndirilməlidir.
Neftin ucuzlaşmasından yaranan iqtisadi böhran Azərbaycanda sosial gərginliyi artırıb. Hökumət bahalaşmanın qarşısını almağı, xərcləri azaltmağı, büdcəyə qənaət etməyi əsas prioritetlər elan edib. Bu istiqamətdə addımlardan biri də dövlət strukturlarının birləşdirilməsi, eyni zamanda şişirdilmiş ştatlarda ixtisarların aparılması oldu.
Qeyd edək ki, Azərbaycan müstəqillik qazanandan sonra əhalinin işsizlik problemini həll etmək üçün əlavə dövlət təşkilatları yaradıldı, ştatlar süni şəkildə artırıldı. Hətta vəziyyət elə bir həddə çatdı ki, dövlət büdcəsi hesabına məvacib alan işçilərin sayı 1 milyon nəfəri ötdü. Bu isə əmək qabiliyyətli insanların üçdə biri demək idi.
Doğrudur, Dövlət Statistika Komitəsi büdcə təşkilatlarında çalışanların sayını 800 min nəfərə yaxın göstərir. Amma dövlətin iri vergi ödəyiciləri olan Dövlət Neft Şirkəti, "Azərenerji", "Azəriqaz", "Azərsu" və sair bu kimi təsərrüfat hesablı dövlət təşkilatlarında çalışanlar özəl sektora daxil edilir.
İndiyədək ekspertlər struktur islahatlarının aparılmasının vacibliyinə, çevik idarəetmə sisteminin qurulması məsələsinə dəfələrlə toxunsalar da, hökumət bunun üzərindən sükutla keçirdi. Yalnız dövlət gəlirlərin azaldığı bir ərəfədə bu tip islahatlara başlamaqla, əlavə sosial gərginlik yaradıb. Çünki özəl sektorun həmin işsizləri qəbul etmək imkanları məhduddur.