İranda prezident seçkiləri BAŞLAYIB

Bu gün səhər saatlarında İranda 14-cü prezident seçkiləri üçün səsvermə başlayıb.
Sfera.az bildirir ki, seçkilərdə islahatçı namizəd Məsud Pezeşkiyan, mühafizəkar namizədlər parlament sədri Məhəmməd Baqir Qalibaf, Milli Təhlükəsizlik Ali Şurasının keçmiş baş katibi Səid Cəlili və keçmiş daxili işlər naziri Mustafa Purmuhammedi yarışır. Mühafizəkar namizədlər Tehran meri Əli Rza Zəkani və əmir Hüseyn Qadizadəhaşimi “mühafizəkar qanadda birliyi təmin etmək üçün” seçkiyə saatlar qalmış namizədliklərini geri götürüblər.
Seçkidə mübarizə aparan namizədlərin təşviqat prosesi seçkiyə 24 saat qalmış başa çatdığından, dünən səhər saat 08:00-dan etibarən hər cür təbliğat işi qadağan edilib.
Artıq İranın Ali Lideri Ayətulla Seyid Əli Xamenei bu gün keçirilən növbədənkənar prezident seçkilərində səs verib. O, İmam Xomeyni adına ibadət mərkəzində yaradılan seçki məntəqəsində səsvermədə iştirak edib. Səsvermədən sonra jurnalistlərə açıqlama verən İranın Ali Lideri bildirib ki, İran vətəndaşlarının səsvermədə aktiv iştirakı və seçicilərin sayının artması İran üçün qətiləşmiş ehtiyacdır.
Daxili İşlər Nazirliyinin Seçki Mərkəzinin məlumatına görə, 88 milyon əhalisi olan ölkədə 59 mindən çox mərkəzdə yaradılmış seçki qutularında təxminən 62 milyon seçici səs verə biləcək. Bundan əlavə, ölkədən kənarda olan İran vətəndaşları 95 ölkədə yaradılmış seçki mərkəzlərində səsverməyə gedə biləcəklər. Yerli vaxtla saat 08.00-da başlayan səsvermə prosesi saat 18.00-da başa çatacaq, lakin lazım olarsa, Daxili İşlər Nazirliyinə tabe olan Seçki Mərkəzinin qərarı ilə bu müddət uzadıla bilər. Seçkilərin nəticələri ilə bağlı ilk məlumatların gecə yarısı və yekun nəticələrin isə sabah açıqlanacağı gözlənilir.
Qeyd edək ki, İranda prezident 4 il fəaliyyət göstərir və ardıcıl olaraq maksimum 2 dəfə seçilə bilər. Namizədlər birinci turda seçilmək üçün 50+1 faiz səs toplamalıdırlar. Birinci turda 50+1 faizdən çox səs toplayan namizəd olmazsa, ən çox səs toplayan 2 namizəd ikinci tura keçəcək və iyulun 5-də keçiriləcək ikinci turun qalibi ölkənin 9-cu prezident olacaq.
Günay