Türk ekspert: “Hadisəni PKK terror təşkilatının törətdiyini təxmin edirəm”
"Hadisəni PKK terror təşkilatının törətdiyini təxmin edirəm”. APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri dekabrın 10-da gecə saatlarında İstanbuldakı Vodafone Arena stadionu yaxınlarında törədilən terror aksiyası ilə bağlı agentliyə verdiyi açıqlamada terror və təhlükəsizlik məsələləri üzrə tanınmış mütəxəssis,”Milliyet” qəzetinin köşə yazarı, NTV kanalının şərhçisi Nihat Əli Özcan deyib.
APA-nın "Beşiktaş-Bursa oyunundan sonrakı hadisəni hansı terror təşkilatının törətdiyini təxmin edirsiniz?”- sualının cavabında Nihat Əli Özcan deyib: "Türkiyə həm daxildə PKK terror təşkilatına, həm də Suriyada DAEŞ terror təşkilatına qarşı mübarizə apardığına görə, sıxıntılı durum var və bu cür terror aksiyaları həmişə gözlənilir. Bu terror hadisəsinin ilk ipucları onu PKK terror təşkilatının törətdiyini təxmin etməyimizə imkan verir. Bomba yüklü maşınla polislər hədəf alınmışdır - daha əvvəl bu cür terror hadisələrini həm PKK həm də DAEŞ terror təşkilatlarının törətdiklərinə şahid olmuşuq. Bu gecəki terror aksiyasını isə PKK-nın törətdiyini təxmin etsəm də, bu fikrim qəti deyil”. Nihat Əli Özcan terror hadisəsi nəticəsində şəhidlər ola biləcəyini istisna etməyib.
Qeyd edək ki, dekabrın 10-da İstanbuldakı Vodafone Arena stadionunda oynanan Beşiktaş-Bursaspor futbol matçından sonra çevik alay polislərini aparan mikroavtobus keçdiyi yolda bomba yüklənmiş maşın partladılıb. Daxili işlər naziri Süleyman Soylu Türkiyə Böyük Millət Məclisində verdiyi açıqlamada 38 polisin yaralandığını, hadisədə şəhid olub-olmamasıyla bağlı məlumat almadıqlarını deyib.