“Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri yox, “Ağsu” naziridir”
"Nazirlərin ya Azərbaycandan xəbərləri yoxdur, ya da o qədər
kompakt həyat yaşayırlar ki, millətlə onların arasında bir uçurum var”
Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz
Hacıyev Şahin Mustafayevin qiymət artımı ilə fikirlərinə münasibət bildirərkən
pia.az-a açıqlamasıda qeyd edib.
İqtisadi inkişaf naziri Şahin Mustafayev Milli
Məclisdəki büdcə müzakirələrində bildirib ki, elektrik enerjisi və qazın yeni
tarifləri əhalinin böyük əksəriyyətinin xərclərinə təsir etməyəcək. Bu nə qədər
inandırıcıdır? Eyni zamanda dünən saytlarda Əmək və Əhalinin Sosial Müdafiəsi
naziri Səlim Müslümovun yeni tikdirdiyi villasının videogörüntüləri yayımlanıb. Əhalinin
böyük əksəriyyətinin böyük ehtiyac içində yaşadığı indiki şəraitdə bir çox
nazirlər dəbdəbə içində yaşamaqda davam edirlər. Bu hallara son vermək üçün
hansı addımlar atılmalıdır?
Milli Məclisdə büdcə müzakirələri davam
etməkdədir. Bu mövzu ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev
öz fikirlərini əməkdaşımızla bölüşüb.
Hafiz Hacıyev: "Şahin Mustafayev başdan ayağa
yalan danışır. Necə yəni Tarif Şurasının yeni tarifləri əhaliyə təsir
etməyəcək?”.
Qiymət artımının əhalinin yaşayış tərzinə birbaşa
təsir etdiyini vurğulayan Hafiz Hacıyevə görə, nazirlər kompakt həyat
sürdüklərinə görə xalqın vəziyyətindən agah deyillər:
"Şahin Mustafayev başdan ayağa yalan danışır.
Necə yəni Tarif Şurasının yeni tarifləri əhaliyə təsir etməyəcək? Hansı əsaslar
bu təsirin olmayacağını göstərir? Görünür, nazirlərin ya Azərbaycandan
xəbərləri yoxdur, ya da o qədər kompakt həyat yaşayırlar ki, millətlə onların
arasında bir uçurum var. Əhali bu gün qaz, işıq yandıra bilmir, sahibkarlar
istehsal sahələrini dayandırıblar. Məhz Şahin Mustafayev kimilərin siyasəti
nəticəsində Azərbaycan bu günə qalıb. Mən belə başa düşürəm ki, Şahin
Mustafayevin bu məsələlərdən xəbəri yoxdur. Onun özü yaxşı yaşayır, elə bilir
hamı elə yaşayır. Şahin Mustafayev fikirləşsin, görək, onun ətrafı və ondan
aşağı təbəqə necə yaşayır? Şahin Mustafayevin dedikləri tamamilə əsassızdır.
Onlar öz kabinetlərindən çıxmırlar. Adamın vicdanı olar. Milləti bu qədər ələ
salmaq olmaz. Onlar ölkəni talan ediblər, düşünürlər ki, xalqı elə bu cür talan
etməyə də davam edəcəklər.
Hafiz Hacıyev: "Bu Səlim Müslümov
pensiyaçıların, aztəminatlı ailələrin, Qarabağ veteranlarının haqqını yeyən bir
adamdır”.
"Bir də Səlim Müslümov var. Əmək və Əhalinin Sosial
Müdafiəsi naziri. Bu Səlim Müslümov pensiyaçıların, aztəminatlı ailələrin,
Qarabağ veteranlarının haqqını yeyən bir adamdır. O, Əmək və Əhalinin Sosial
Müdafiəsi naziri yox, "Ağsu” naziridir. Ona görə ki, bütün qohumlarını
nazirliyə yığıb və nazirlikdə çirkab işlərlə məşğul olurlar. Biz Səlim
Müslümovun 5 mərtəbəli villası barədə bir neçə ay öncə saytlara xəbər
vermişdik. Kimlərsə sonradan gedib bunu çəkiblər. Bu hələ üzə çıxan faktdır.
Biz bu villanın tikilməsi üçün müəyyən yerlərə şikayət etmişik və tikilməsi
dayandırılıb. O villaya minlərlə, milyonlarla pul tökülüb. Nazirlərin
mülklərinin sayı bir neçə dənədir. Bununla mübarizə aparılmalıdır.
Mübarizə nəticəsində Həsən Əliyev küçəsi,
"Vorovski”, Zeytunluq və digər sahələrdə tikilən obyektlərin kimlərə aid
olduqlarını öyrəsinlər. Həmin obyektlər satılsa, bu gün dövlət büdcəsinin yarım
illiyini təmin edər. Səlim Müslümovun villası Korrupsiyaya qarşı Mübarizə
İdarəsi tərəfindən baxılmalıdır. Araşdırıldıqdan sonra Səlim Müslümov həbs
edilməlidir”.