Qurban bayramında heyvan bazarında VƏZİYYƏT: Alıcı və satıcılar nədən şikayətləndi? - REPORTAJ

Qurban bayramında heyvan bazarında VƏZİYYƏT: Alıcı və satıcılar nədən şikayətləndi? - REPORTAJ

Qurban bayramı müsəlman dünyasının ən ülvi və müqəddəs bayramlarından biridir. Bu bayram İslam dininin təbliğ etdiyi ali keyfiyyətlər olan mərhəmət və halallığın, birlik və bərabərliyin, həmrəylik və qardaşlığın rəmzidir, insanları xeyirxah əməllərə, paklığa, saflığa səsləyir. Qurban bayramında yoxsulları, ehtiyacı olanları sevindirmək də bu bayramın ən ümdə vəzifələrindən biridir.

 

16-17 iyun ölkəmizdə Qurban bayramı qeyd olunur. Bu bayramda insanları düşündürən bir məqam var ki, qurbanlıq heyvanların bazarda qiyməti necədir?

 

Biz də qiymətləri həm satıcılardan, həm də alıcılardan maraqlanmaq üçün Yasamal rayonunda yerləşən kəsim satış məntəqəsinə yollandıq.

 

 

İlk mənzərə ürəkaçan idi. Çünki məntəqədə alıcılar və satıcılardan başqa, Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları və maşın tipli səyyar laboratoriyalar mövcud idi. Bu məqam diqqətimi çox çəkdi.

 

Laboratoriyalarda hansı işlərin aparıldığını öyrənmək üçün AQTİ-nin şöbə müdiri Rəşad Mehdizadəyə yaxınlaşdıq. O, burada görülən işlər barədə ətraflı məlumat verdi.

 

 

"Qurban bayramında əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvanların kəsimi və satışının norma və qaydalara uyğun həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və müvafiq qurumlar tərəfindən bütün zəruri tədbirlər icra edilməkdədir. Builki kompleks tədbirlər çərçivəsində respublika üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. 64 ünvanda həm kəsim, həm satış, 47 ünvanda yalnız satış, 36 ünvanda isə yalnız kəsim xidmətləri vətəndaşlara təklif olunur. Bu məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim edilir.

 

Bununla yanaşı, 7 ünvanda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu il ilk dəfə olaraq işğaldan azad edilmiş Şuşa, Laçın və Füzuli rayonlarında heyvan kəsimi üçün çadırlar quraşdırılıb və Səyyar Laboratoriyalar həmin ərazilərə ezam olunub. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları və maşın tipli səyyar laboratoriyalar mövcuddur. Bu laboratoriyalarda insan və heyvan sağlamlığı üçün ciddi fəsadlar yarada bilən xüsusi təhlükəli xəstəliklərin müayinəsi həyata keçirilə bilir. Gücləndirilmiş rejimdə çalışan laboratoriyalarda peşəkar baytar-həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda ehtiyac yarandığı təqdirdə Analitik Ekspertiza Mərkəzinin Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur”.

 

 

Daha sonra qiymətlərlə bağlı satıcılara yaxınlaşdıq. Onların sözlərinə görə qiymətlər çəkiyə görə dəyişir.

 

"13 kilodan başlayaraq 30 kiloya qədər qurbanlıq heyvan satılır. Qiymətlər 19 manatdan başlayır. 350-400 manata qədər satılan qurbanlıq qoyunlar mövcuddur".

 

 

-Hansı heyvanları qurban kimi kəsmək olmaz?

-Körpə quzuları, hər hansı xəsarəti olan heyvanları və yaşı 6 aydan aşağı olan heyvanları qurban kimi kəsmək olmaz.

 

-Qoyun və quzudan başqa hansı heyvan satılır?

-Keçi də satırıq. O, qoyuna nisbətən daha ucuzdur. 150-200 manata keçi alıb qurban kəsmək olar.

 

-Ötən illə müqayisədə vəziyyət necədir?

-Keçən illə müqayisədə alış sayı çox azalıb. Bu da insanların imkanına görədir. Demək olar ki, qurban kəsənlərin sayında azalma müşahidə edilir.

 

 

Alıcılar isə keçən illə müqayisədə qiymətlərin qalxdığını və sadəcə 1-2 manat endirim olunduğunu söyləyirlər.

 

 

Qurban bayramında ehtiyacı olanlara kömək etmək hər bir şəxsin arzusudur. Lakin artmaqda olan qiymətlər buna imkan vermir. Amma heyvanların xüsusi yoxlanılaraq satılması ürəkləri fərahladırdı. Qoy bu əziz bayramın nuru ocaqlarımıza sevinc və ruzi, süfrələrimizə bolluq və bərəkət gətirsin, gələcəyə ümid və inamımızı gücləndirsin.

 

Ülkər Abdurahmanlı

Anar Bayramlı


OXŞAR XƏBƏRLƏR