Ermənistanın KTMT-dən çıxmağı gözə alıb, Rusiyanın cavabı necə olacaq? - AÇIQLAMA

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk edəcəyini açıqlayıb. O, bu barədə parlamentdə çıxışı zamanı danışıb. “Tərk edəcəyik. Bunun nə zaman olacağına qərar verəcəyik. Bəs siz nə düşünürsünüz? Növbəti addım nədir? Düşünürsünüz ki, geri qayıdacağıq? Xeyr, başqa yol yoxdur. Narahat olmayın, geri qayıtmayacağıq”, - Baş nazir müxalif deputatların Ermənistanın niyə KTMT-ni tərk etmədiyinə dair iradlarına cavabında bildirib.
Maraqlıdır, Rusiyanın buna reaksiyası necə olacaq?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, rəsmi İrəvanın KTMT ilə bağlı sərgilədiyi mövqe daha çox Azərbaycan qarşısında təşkilatın dəstəyini qazanmaq, Rusiyanın mövqeyinə təsir etmək və Qərb qarşısında qiymətini artırmağa bənzəyirdi.
Onun sözlərinə görə, ABŞ Ermənistandan verəcəyi dəstək qarşılığında KTMT-dən ayrılmağı yelunlaşdırmasını istəyib:
“Ermənistanın KTMT-dən çıxması Rusiyanın bu ölkədəki hərbi mövqelərinin də zəifləməsini sürətləndirəcək. Moskvanın bu reallıqla barışacağı sual altındadır, lakin Rusiyanın hazırda Ermənistana hərbi və siyasi təsir imkanları o qədər də effektiv deyil. Bundan fərqli olaraq, iqtisadi rıçaqların işə salınması Ermənistan üzərində təsiredici faktor ola bilər. Misal üçün, təkcə erməni yük maşınlarının önünün kəsilməsi Ermənistan iqtisadiyyatı üçün ciddi itkilərə səbəb olur”.
Siyasi şərhçi qeyd edib ki, bu baxımdan Rusiyanın iqtisadi rıçaqlardan istifadə edəcəyi mümkün variantlardandır:
“Lakin bu, Moskvanı dilemma qarşısında qoyur. Çünki iqtisadi rıçaqlardan istifadə erməni əhalisinin zərər çəkməsi ilə nəticələnir və bu, Rusiyanın erməni ictimaiyyətinin dəstəyini qazanmaq siyasətinə ziddir. O cümlədən, Ermənistan hakimiyyətinin ictimai rəydə anti-Rusiya siyasətini əsaslandırmaq imkanlarını artıra bilər”.
Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, məhz ABŞ rəsmilərinin Ermənistana səfəri, hərtərəfli dəstək siyasətini elan etməsi Baş nazirin Rusiyaya qarşı açıq demarşa keçməsinə səbəb olur:
“Ermənistan KTMT-ni tərk edəcəksə, Moskva sanksiyalara əl atacaq. Azərbaycan isə Ermənistan və Rusiya əlaqələrinin böhranından maksimum istifadə etməlidir”.
Günay Rəsulqızı