Vətəndaş Prezidentin çağırışına səs verdiyinə görə 1 il azadlıqdan məhrum edildi
Cəmiyyət
00:40 / 09.12.2016
814
Hörmətli cənab Prezident!
Sizin korrupsiya və vergidən yayınma cinayətlərinə qarşı mübarizədə vətəndaşların fəallıq göstərməsi ilə bağlı çağırışlarınıza cavab olaraq, Sumqayıt şəhər sakini Rəhman Novruzov adlı şəxs Respublika Prokurorluğuna və vergi orqanlarına, Sumqayıt şəhərində "UCUZ" marketlər şəbəkəsinə faktik sahiblik edən iş adamı Vüqar Qələndərovun, əmək müqaviləsi bağlamadan işçi çalışdırması, vergidən yayınma və sair hərəkətlərinin qanuna zidd olduğunu yoxlamaq üçün müraciət etmişdi.

Vergi Nazirliyinin əlimizdə olan rəsmi cavabında deyilir ki, yoxlama nəticəsində qanunsuz işçi çalışdırma faktı sübut edilib. Şikayətin qalan hissələri obyektiv araşdırılmır.
Əvəzində isə, hörmətli Prezident, R.Novruzovun ərizələrində göstərdiyi faktlar yoxlanmadan, Vüqar Qələndərovun şikayəti əsasında Sumqayıt şəhər məhkəməsinin hakimi İlyas Mahmudovun qərarı ilə R.Novruzov 1 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sizin şəxsi müdaxiləniz olmadan ədalətin bərpası mümkün deyil. Bu fakt həm də Sizin apardığınız siyasətə ictimai inamın sarsılmasına xidmət edir. Bu qanunsuzluğun aradan qaldırılması, R.Novruzovun ərizələrinin obyektiv yoxlanılması və əsl təqsirkarların cəzalanması üçün qanuni tədbirlər görməyinizi xahiş edirəm.
Göstərəcəyiniz diqqətə görə, öncədən minnətdarlığımı bildirirəm.
Hörmət və ehtiramla,
Məmmədov Qurban Cəlal oğlu
moderator.az