"Hamiləlik məhrəmiyyət, belə məclislər isə naşükürlükdür..." - “Gender Party” çılğınlığı ilə bağlı AÇIQLAMA

Son zamanlar dünyada trend olan bəzi ənənələr, bizə də siraət edib. Bunlardan biri də “Gender Party”, yəni doğulacaq uşağın cinsiyyətini öyrənilməsi məclisidir. Bu istiqamətdə fikirlər də birmənalı deyil. Kimiləri bunu normal qarşılayır, kimiləri isə lazımsız adətlərin formalaşdığını müdafiə edir. İndi demək olar ki, hər on nəfərdən beşi “Gender Party” keçirir, digərləri isə “filankəs etdi, mən niyə qonşudan geri qalım” düşüncəsi ilə belə məclislər keçirir və maddi olaraq çətinliyə düşür.
Bu cür adətlər cəmiyyət daxilində hansı fəsadlara yol aça bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, bu tipli ənənələrin Azərbaycanda daha tez yayılması müşahidə olunur:
“Çünki ağıllı ənənələr bizdə bir qədər gec yayılır. Amma insanın özünə, səhhətinə, həyatına, maddi vəziyyətinə ziyan vuracaq ənənələr dərhal mənimsənilir və bunu inkişaf etdiririk. Bu, çox zərərli yanaşmadır. Diqqət edirsinizsə, toyumuz da, yasımız da, dinimiz də bir çox hallarda məhz bu ənənələrin girovuna çevrilib, insanlarımız bunun əsarəti altında əsrlərdir, inləməkdədirlər. Ona görə də buna təəccüblənmək lazım deyil. Ümumiyyətlə, şəxsiyyətli, özünə hörmət edən, öz varlığına dəyər verən insan uşağın cinsi barədə mühakimə yürütməz. Doğulacaq uşaq Allahın verdiyi nemətdir. Qız və ya oğlan olmasının fərqi yoxdur”.
Millət vəkili bildirib ki, bu kimi məsələlər insanların sadəcə cahilliyindən qaynaqlanan addımlardır:
“Ümumiyyətlə, insan niyə uşağın cinsiyyəti ilə bağlı hansısa şəkildə narahatlıq keçirməlidir? Əsas sağlam övlad olsun. Biz bu prinsipi cəmiyyətə aşılamalıyıq. Yoxsa bəziləri “qız olacaqsa, onu necə aradan götürək”, oğlan olacaqsa, “necə təmtəraqla bunu qeyd edək” kimi düşünür. Amma Allahın verdiyi nemətlərə şükr etmək ayrı şeydir. Övladın hər biri insan üçün dəyərlidir. Onun cinsi yox, ona necə tərbiyə vermək önəmlidir. Ümumiyyətlə, bu cür məclislərin keçirilməsini naşükürlük əlaməti kimi qiymətləndirirəm, heç bir halda haqq qazandırmıram. Çünki uşağın cinsiyyətini müəyyən etmək insanın müəyyən dərəcədə verilən nemətə şərt qoşması kimi bir şeydir. “Oğlan versən, razı qalacam. Qız olsa, narazı olacam” kimi düşüncə yaradanla insanın hansısa şəkildə sövdələşməsidir. Bu da yaxşı əlamət deyil”.
Sosioloq Lalə Mehralı isə deyir ki, indi heç kim atacağı addımları öz cibinə görə formalaşdırmır:
“Başqalarından seçilməmək üçün “qonşudan qalma geri” prinsipini tətbiq edənlər, hamının yanında “mən də etdim” kimi cümlələr qurmaq həvəsində olanlar kifayət qədərdir. Bu cür tədbirlər də məhz bunun üçün edilir. “Gender Party” ailə içində qeyd edilə bilər, qadın öz həyat yoldaşına bunu sürpriz kimi hazırlaya bilər. Amma buna görə insanları bütün nəsil-nəcabəti yığaraq məclis təşkil etməyə, müəyyən xərclər çəkməyə nə məcbur edir, bax bu, maraqlıdır. Niyə insanlar olduqları kimi davranmırlar? Niyə qadınlar öz hamiləliklərini normal, sıradan bir şey kimi qəbul etmirlər? Hamilə qalmaq bütün qadınların bacardığı bir şeydir. Bu məsələni niyə bu qədər möcüzəvi məsələyə çevirirlər? Nəyi sübut etmək istəyirlər? Bu məsələ mənə həmişə qəribə gəlib. Uşağın cinsiyyətinin elan edilməsi başqaları üçün nə qədər əhəmiyyətli bir sosial vəziyyətdir ki, bunun çəkilişi də aparılır, kliplər də hazırlanır, internet məkanında yayılır. Bu, bir ailənin özəl günüdür və elə ailə daxilində də qeyd edilməlidir”.
L.Mehralı bildirib ki, hazırda “gender party”, xəstəxanadan çıxma, diş çıxarma ilə bağlı, uşağın hər ayı tamam olanda keçirilən məclislər və.s kimi süni tarixlər yaradılıb:
“Təbii ki, belə olduğu halda ailələr maddi problemlərlə üzləşəcəklər. İnsanlar niyə hər gününü göz önündə yaşamağa ehtiyac duyur? Hamı öz yaşam tərzini bir-birinə nümayiş etdirməyə, acıq verməyə, başqasının həsəd çəkməsinə çalışır. Əslində bütün bunların hamısının altında o ailələrin xoşbəxt olmadığı reallığı dayanır. Kimlərsə göstəriş xətrinə nələrsə edirlərsə, buna ehtiyac duyurlarsa, bilin ki, onlar özəl həyatlarında xoşbəxt deyillər. Sadəcə özünü bu cür tanıtmaq hayındadırlar və publikaya oynayırlar. “Gender Party”lərdə ailə böyükləri də iştirak edir, kameralar önündə doğulacaq uşağın cinsiyyətini təxmin edirlər. Bəlkə də, bunu mühafizəkarlıq kimi qəbul edəcəklər, amma hamilə qadınların bu cür vəziyyətlərdə rahat olmalarına təəccüblənirəm. Əvvəllər qadınların öz ailə böyüklərinin yanında müəyyən qədər məhrəmiyyəti var idi - nisbətən gen-bol paltarlar geyinirdilər, düzdür, hamiləlik gizlədiləcək vəziyyət deyil, tamamilə normal bir prosesdir, amma eyni zamanda məhrəmiyyətdir. Lakin indi bəziləri hamilə qalmağı yalnız özü bacarırmış kimi davranır. Müəyyən qədər məhrəmiyyət vacibdir, hamiləlik də bunlardan biridir”.
Günay Rəsulqızı