Azərbaycan dünya LİDERİ OLDU - Sevinək, yoxsa kədərlənək? - VİDEO
BMT-nin əhali fondunun yeni hesabatına əsasən, Azərbaycan toylara çəkilən xərclər üzrə dünya lideridir. Ancaq buna sevinək yoxsa kədərlənək? Bütün dünyanın israfçılıqla mübarizə apardığı bir vaxtda belə nailiyət bizə lazımdırmı? Ən əsası da bu bizlərə nə qazandır? Bizi lider edən nədir? Bununla necə mübarizə apara bilərik?
Sfera.az xezerxeber.az-a istinadən bildirir ki, toylara çəkilən xərcə görə, Azərbaycan Yaxın Şərqin zəngin ərəb ölkələrini də qabaqlayır. Azərbaycanda toylara çəkilən xərclə bağlı ictimai müzakirə və mübahisələr BMT səviyyəsinə qalxıb. Təşkilatın Əhali Fondu Azərbaycanı "toylar kralı" elan edib.
Ölkələrdə toy xərcinin orta aylıq əmək haqqı ilə müqayisəsini aparan fond müəyyən edib ki, Azərbaycanda toylara çəkilən xərc, orta aylıq əmək haqqının 9.7 mislinə bərabərdir. Fondun hesablamalarına görə ölkəmiz dünya lideridir.
Bizə dırnaqarası bu qələbəni isə ictimai qınaq qazandırıb. "Görəsən nə deyərlər" məntiqi insanları daha dəbdəbəli mərasimlərə vadar edib.
İnsanlar, bahalı toylara onları restoran rəhbərlərinin məcbur etdiyini deyirlər. Menyuda və şou-proqdamda dəyişikliyə icazə vermədiklərindən toy etmək üçün borca düşdüklərini deyirlər.
Mütəxəssislərə görə, bu məsələ qanunla tənzimlənmədiyi təqdirdə hələ uzun müddət liderliyi qoruyub saxlayacağıq.
Belə görünür ki, BMT-nin də təsdiq etdiyi "toylar kralı" ünvanı hələ uzun müddət Azərbaycanda qorunub saxlanacaq.