"Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasını alqışlayırıq" - Siyarto

Macarıstan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişi alqışlayır.
Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirdiyi mətbuat konfransında deyib.
“Şadıq ki, Azərbaycan və Ermənistan daha ciddi addımlar atıblar. Regionda sülh və sabitliyin bərqərar olmasını arzu edirik, hər iki xalq sülh şəraitində yaşamağa layiqdir. Macarıstan Avropa İttifaqında sədrliyi dövründə bu regionda bütün sülh təşəbbüslərini dəstəkləməyə davam edəcək”, - o vurğulayıb.
Nazirin sözlərinə görə, Macarıstan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz regionu ilə bağlı balanslaşdırılmış siyasət yürütməsinə və “alova yağ tökməməsinə” diqqət yetirəcək: “Biz hesab edirik ki, Aİ minalardan təmizləmə üçün Ermənistana 10 milyon avro ayırmaq istəyirsə, Azərbaycana da oxşar yardım ayrılmalıdır, biz sülh prosesinə mane olmamalıyıq”.