"Qərbin Ukraynaya dəstəyi artırdığı vaxtda ABŞ-nin özünü geri çəkməsi gülüncdür" - AÇIQLAMA

Son günlər Avropa ölkələrinin Ukrayna məsələsində aktivliyinin tədricən artması müşahidə olunur.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şahin Cəfərli deyib ki, bu, ABŞ-nin lazımi liderlik göstərməməsi fonunda baş verib.
Onun sözlərinə görə, ötən gün İsveçin açıqladığı 1,3 milyard dollarlıq hərbi yardım paketində “ASC 890” təyyarəsi diqqət cəlb edib:
“İsveçin öz istehsalı olan bu təyyarələr radiolokasion kəşfiyyat və döyüş idarəetməsi üçün nəzərdə tutulub. 450 km-ə qədər radiusda hava və dənizdəki obyektləri aşkarlamağa imkan verən “ASC 890” təyyarəsi F-16-lar ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək. Belçika isə Ukraynaya 30 ədəd F-16 verəcəyini açıqlayıb. Bununla Ukrayna Hava Qüvvələrinin ixtiyarında olan F-16-ların sayı 85-ə çatacaq. ABŞ-də 900-dən çox F-16 olmasına baxmayaraq, hələ ki, Ukraynaya 1 ədəd belə verməyib”.
Ekspert bildirib ki, gələn həftə Prezident Zelenskinin Fransaya səfəri zamanı Emmanuel Makron tərəfindən Ukraynaya hərbi kontingent göndərilməsi barədə qərarın elan olunacağı gözlənilir:
“Makron Ukraynanın Qərb silahları ilə Rusiya ərazisindəki atəş nöqtələrinə zərbə endirməsinə icazə verilməsinə tərəfdar olduğunu da bildirib. Bayden administrasiyası isə milli təhlükəsizlik müşaviri Sallivanın müəyyənləşdirdiyi “eskalasiyanı yüksəltməmək” strategiyasına davam edərək hadisələrin arxasınca sürünür. Rusiyanın işğalçı hücumlarının və hərbi cinayətlərinin artaraq davam etdiyi bir məqamda mövcud ABŞ hökumətinin hələ də bu strategiyaya sadiq qalması gülüncdür”.
Günay