Bir-birini qarabaqara izləyən cütlüklər, ailə üzvləri... - Güvənsizliyin kökündə dayanan ƏSAS SƏBƏB

Bir-birini qarabaqara izləyən cütlüklər, ailə üzvləri... - Güvənsizliyin kökündə dayanan ƏSAS SƏBƏB

Son zamanlar insanların bir-birinə inamı ciddi şəkildə itib. Bunu ətrafdan, sosial mediadan da müşahidə etmək mümkündür.  Hətta güvən problemi elə bir həddə gəlib çatıb ki, "inanıram, güvənirəm" deyən insanlar belə cümlənin ardına bir "amma" sözünü qoyub, pulla sevgililərini, həyat yoldaşlarını öz təbirlərincə desək, sınayırlar. İnamsızlıq təkcə cütlüklər arasında deyil, qayınana-gəlin, qayınata-kürəkən arasında da yaşanır. İnsanların bu inamsızlığı kimlərinsə cibini doldurur. Belə ki, bu sahə üzrə xidmət göstərən şəxslər var. Onlar müxtəlif yollarla, məsələn, qarşı tərəflə yazışma üsulu ilə xəyanəti və ya sədaqəti ortaya çıxarırlar. Bu barədə gələn yazımızda geniş bəhs edəcəyik. İndi isə keçək əsas mətləbə....

 

Cəmiyyətimizdəki bu inamsızlıq nədən irəli gəlir, qarabaqara izləmələrin kökündə nə dayanır və hansı fəsadları törədə bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Gülnar Orucova deyib ki, hazırda informasiya mənbəyi çoxalıb:

 

“Əvvəllər informasiyanı qəzetdən, televiziyadan, radiodan alırdıq. Amma indi informasiya qaynaqları həddindən artıqdır. Tez-tez soruşurlar ki, əvvəllər psixoloq yox idi, insanlar yola getmirdi? Əlbəttə, yola gedirdi, çünki əvvəllər bu qədər mənbə yox idi.  Yaxud əvvəllər bir-birinə olan xəyanətlər, saxtakarlıqlar bu qədər yayılmırdı və ya paylaşılmırdı, ona görə də insanlar arasında güvən var idi. Lakin hazırda vəziyyət fərqlidir. Məsələn, şəxs kirayə qaldığı evin sənədlərini dəyişib satır. Belə olan halda, təbii ki, kirayəçilərə güvənsizlik yaranır. Yaxud biri özünü on üçüncü imam kimi təqdim edib dələduzluqla məşğul olur, pul qarşılığında “cənnətdə torpaq satırlar”. Nəticədə insanlara etibar azalır. Sosial şəbəkələrdə “qardaş öz qardaşı qızını qaçırdı”, tipli xəbərlərlə rastlaşırıq, qardaşımıza, yaxınlarımıza güvənsizlik yaranır. Ya da qayınana gəlinini öldürüb bunu soyuqqanlılıqla danışır, yenə etibar sarsılır... Yəni gördüyümüz bütün bu və ya bu kimi hadisələr, faktlar, hökm oxunmuş işlər bizdə etibarsızlıq, güvənsizlik yaradır. Hətta bizə qarşı çox yaxşı olan birinə də inana bilmirik".

 

Ekspert bildirib ki, güvən duyğusu aşağı yaşlardan etibarən uşaqlarda formalaşdırılmalıdır:

 

“Kimsə güvənmədiyini bildirirsə, deməli, o, nə zamansa, ya xəyanətə uğrayıb, ya da dərin travma alıb. Son dövrlərdə fərqli psixi problemlər artıb. Hətta eləsi var ki, yeni yaranıb və araşdırılır. Paranoid, şizoid tipli insanlar öz beyinlərində ssenari qurur və buna inanmağa başlayırlar. Nəticədə digərlərinə qarşı etibarsız yanaşmalar olur. Bu gün bir-birilərini sosial platforma hesabları vasitəsilə izləyən insanları görürük. Bunlar güvənsizlikdən qaynaqlanan problemlərdir. Ümumiyyətlə, güvən göz yaşı kimidir, əgər düşürsə, geri qayıtmır. Bir insanla aranızda güvən problemi varsa, o münasibəti bitirmək yaxşıdır. Çünki bu münasibət gələcəkdə böyük fəsadlara səbəb olacaq, hətta insanı qatil də edə bilər”.

 

Digər müsahibimiz sosioloq Lalə Mehralı mövzu ilə bağlı danışarkən bildirib ki,  bu gün evliliklərin əksəriyyətində güvənsizlik olduğuna görə boşanmaların statistikası da yüksəkdir:

 

“Nə ər arvadına, nə də arvad ərinə gözüyumulu güvənəcək qədər etibar edir. Ailənin təməlində inam, etibar, güvən heç nə ilə əvəz edilməyəcək qədər əhəmiyyətli dəyərlərdir.  Sevgidən, məhəbbətdən də öncə gəlməlidir. Biz birinə aşiq ola bilərik, dəlicəsinə sevə bilərik, amma ona inanmasaq, ailə qurub uzunmüddətli münasibət yaşaya bilmərik. Ona görə də evlənəndə tək sevgi deyil, güvən də əsas faktor kimi götürülməlidir. Tək ailədə deyil, bütün münasibətlərdə - dostluqda, rəhbər-işçi, müəllim-şagird və.s arasında da güvən vacibdir.  Bu məsələdə əslində biz sosial şəbəkələri bəhanə edirik. Öz çatışmazlığımızı bəzən onun boyununa yıxa bilirik. Sosial medianı birmənalı olaraq ittiham etmək doğru düşüncə deyil”.

 

Sosioloq qeyd edib ki, insanların güvənsizliyi öz problemidir:

 

“Qarşı tərəfə etibar, inam yoxdursa, bu, onun bizə ötürdüklərindən əlavə, bizim müəyyən çatışmazlıqlarımızdan irəli gəlir.  Qarşı tərəfin boynuna nəyisə yıxmaqla, əslində öz əskiklərimizi gizlətməyə çalışırıq.  İttiham etmək çox asandır. Heç kim ittiham olunan tərəf olmaq istəmir və problemlərdən çıxış yolunu tərəf müqabilini günahlandırmaqda görür. Güvəni hiss etmək üçün o enerjini qəbul etməyə hazır olmalıyıq. Stəkanın boş hissəsini görmək, hər şeyi pisə yozmaq ciddi insani dəyərlərin aşınması deməkdir.  Etibarı yenidən qazanmaq olsa da, ilk dəfəki kimi saf olmur.  Həmişə haradasa bir “bəlkə”, sual işarəsi qalır. Ona görə də fikrimcə, bu duyğuları təlqin etməyə, ötürməyə özümüzdən başlamalıyıq ki, qarşı tərəfdən də bunu ala bilək”.

 

Günay Rəsulqızı 


OXŞAR XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...

Bu rayonunun bir neçə kəndində qaz olmayacaq

Naxçıvanın Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq.   Sfera.az-ın məlumatına görə, qazın verilməsində fasilənin yaranmasına səbəb 1...

Ceyhun Bayramov Küveytə getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xar...