Ermənistanda etirazlar ŞİDDƏTLƏNİR: Din xadimi Paşinyanı İSTEFAYA ÇAĞIRDI

İrəvanda aksiyalar davam edir.
Sfera.az bildirir ki, “Vətən naminə Tavuş” etiraz hərəkatının tərəfdarları səhər saatlarından paytaxtda dövlətlərarası avtomobil yollarını, rayonlararası yolları və küçələri bağlamağa başlayıblar. Bu barədə erməni mətbuatı məlumat yayıb. Hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan da bir gün əvvəl vəd etdiyi kimi yolu özü bağlayıb.
O, Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edərək bunları deyib: “Bir din xadimi ilə görüşə təkcə siyasətçi kimi deyil, həm də kişi kimi gəlin. Cəsarət etməyəcəyinizə əmin olsam da, ümid edirəm ki, görüşdən çəkinməyəcəksiniz. Gözümün içinə necə baxacağınızı bilmirəm. Ancaq lazımsız hərəkətlər etmədən dinc, sakit bir şəkildə getməyin vaxtı gəldi. Düşünürəm ki, insanlar da bu dinc gedişə zəmanət verəcəklər”.
Keşiş bazar ertəsi səhər saatlarından etirazların bərpa olunduğunu elan edib. O bəyan edib ki, İrəvanın mərkəzindəki Respublika meydanından yalnız Lori və Tavuşa gedən yollar açıq qalmalıdır:
“Meğridən başlayaraq bütün digər mümkün və qeyri-mümkün yollarla, hər yerdə vətəndaş itaətsizliyi aktları baş verəcək. Bütün yerlərdə.... Biz təzyiq göstərməliyik, onlara işləmək imkanı verməməliyik, çünki onların işi yoxdur, uzun müddətdir bu işdən uzaqlaşdırılıblar, heç nəyə görə məsuliyyət daşımırlar”, - o bildirib.
Qeyd edək ki, dünən keçirilən mitinqdə hərəkatın baş nazir postuna namizədinin Baqrat Qalstanyan olduğu açıqlanıb. O, 30 illik kilsə xidmətinin dayandırılması üçün katolikoslara müraciət edəcəyini bildirib.
Xatırladaq ki, Ermənistanda etirazlar aprelin 19-da İrəvan və Bakının Tavuşla sərhədin delimitasiyasına razılaşdığı məlum olduqdan sonra başlayıb. Mayın 9-da Tavuşdan İrəvana yürüşə rəhbərlik edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan Baş naziri istefaya çağırıb.
Günay