Samir Şərifov Milli Məclisdə hesabat verdi

Samir Şərifov Milli Məclisdə hesabat verdi

"Dövlət büdcəsinin gəlirləri 16,2 mlrd. manat, xərcləri 16,9 mlrd. manat proqnozlaşdırılır”

Sfera.az xəbər verir ki, bunu 2017-ci ilin dövlət büdcəsi barədə çıxış edən maliyyə naziri Samir Şərifov deyib. 

Nazir bildirib ki, Tarif Şurasının son qərarı ilə qaz və işığın qiymətinin artırılması nəticəsində büdcəyə əlavə 300 mln. manat daxil olması gözlənilir: "Bu gəlirin əhəmiyyətli hissəsi aztəminatlı əhalinin sosial müdafiəsinə yönəldilib. Bunun nəticəsində dövlət büdcəsinin gəlirləri ilə bağlı parlamentdə təqdim olunan layihədə dəyişiklik təklif olunur. Dəyişiklik nəzərə alınmaqla dövlət büdcəsinin gəlirləri 16 255,0 mln. manat məbləğində proqnozlaşdırılıb. Bu ötən ilin proqnoz göstəricisi ilə müqayisədə 567,0 mln. manat və ya 3,4% azdır. Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 16 900,0 mln. manat məbləğində proqnozlaşdırılır.

Vergilər Nazirliyi üzrə proqnoz məbləği 7 510,0 mln. manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 500,0 mln. manat və ya 7,1%,çoxdur. Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların proqnozu 2 200,0 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozundan 390,0 mln. manat və ya 21,5% çoxdur”. 

S.Şərifov qeyd edib ki, 2017-ci ildə ARDNF-dan dövlət büdcəsinə transfertlər 6 100,0 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1515,0 mln. manat və ya 19,9% azdır. 

Onun sözlərinə görə, 2017-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neftin ixrac qiyməti 40 ABŞ dolları səviyyəsində nəzərdə tutulub:

"Növbəti ilin büdcəsinin əvvəlki illərin büdcələrindən fəqrləndirən digər bir cəhəti dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) məbləğinin nəzərəçarpacaq dərəcədə azaldılmasıdır. Təqdim edilmiş məlumatlara əsasən növbəti ildə dotasiya məbləğinin əhəmiyyətli dərəcədə azaldılmasının səbəbi yerli gəlirləri hesabına təmin edilən rayon və şəhərlərin sayının 6- dan 33-ə çatdırılmasıdır. Cari xərcin 2,1 mlrd. manat və ya 17% azaldılmasına nail olunub. Xərclərin 35%-i konkret proqram və layihələrin reallaşdırılmasına yönəldiləcək”.


OXŞAR XƏBƏRLƏR