\"İkinci Türkçülük Çalışmaları: Dil məsələlərimiz\" adlı elmi konfrans keçirildi - FOTOLAR

Sosial Tədqiqatlar Mərkəzində (STM) "İkinci Türkçülük Çalışmaları: Dil məsələlərimiz" başlıqlı elmi konfrans baş tutub.
Sfera.az xəbər verir ki, konfransda STM-in İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Xalq şairi, deputat Sabir Rüstəmxanlı, deputat Nizami Cəfərov və filologiya elmləri doktoru Mahirə Hüseynova çıxış ediblər.
Konfrans zamanı ölkəmizdə, xüsusən də Güney Azərbaycanda dil sahəsində mövcud olan problemlər müzakirə edilib. Bu problemlər dilimizin rəsmi adında, onun istifadə sahəsinin məhdud olmasında, yazı qaydaları və əlifbada, terminlər məsələsində, yad sözlərin dilimizi doldurmasında, adlarımız və soyadlarımızdakı qeyri-milli durumda, təhsil sistemində, medianın, internetin, reklamın dilində, qanunlar və digər rəsmi sənədlərin dilində, eləcə də Türk Dünyasında ortaq ünsiyyət vasitəsinin olmamasında özünü göstərir.
Sadalanan problemlərin başında dilimizin gerçək və tarixi adının rəsmiləşdirilməsi gərəyi durur. Azərbaycan Respublikasında dövlət dili rəqibsiz dil statusuna malik olmalıdır. Dillə bağlı qəbul edilmiş rəsmi qərarlardakı vəzifələr yerinə yetirilməlidir. Dilimizin xarici təsirlərdən təmizlənməsi qarşısındakı maneələr aradan qaldırılmalıdır. Adlarımız və soyadlarımızın da milliləşməsi həlli gecikmiş problemlərdəndir. Təhsil sahəsinin milliləşməsi və modernləşməsi günümüzün tələbidir. Media, internet, reklam və bunun kimi sahələrdə, eləcə də rəsmi sənədlərdə dilimizə gərəkli sayğı göstərilməlidir. Türk Dünyasında ortaq ünsiyyət vasitəsi kimi Türkiyə Türkcəsinin imkanları daha genişdir.
Qeyd olunub ki, dil kimliyimizdir, hətta varlığımızdır. Bu baxımdan dil sahəsindəki problemlərin həlli günümüzün təxirəsalınmaz vəzifəsidir.
Firuzə Əliyeva