Ukrayna savaşında YENİ MƏRHƏLƏ: “Zaman Kiyevin əleyhinədir, Moskva isə...”

“Ukrayna müharibənin yeni mərhələsi ilə üz- üzədir. Kiyevin ciddi sursat çatışmazlığı var, amma hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblər ki, Ukraynadakı Rusiya qüvvələri son aylarda əhəmiyyətli dərəcədə artmayıb, lakin Rusiya ordusu ümumilikdə döyüş keyfiyyətlərini yaxşılaşdırmaqda davam edir”.
Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, qurumun müharibənin yeni mərhələsi ilə bağlı iddiası böyük ehtimalla, məhz ayrılan hərbi yardımla bağlıdır:
“Ayrılan 61 milyard dollar cəbhədə müəyyən dəyişikliklərlə nəticələnə bilər. Yardım Ukraynaya çatana qədər Rusiya müəyyən ərazi qazancları əldə etməyə çalışa bilər. Bunun üçün qarşıdakı günlərdə Rusiya ordusunun ciddi hücum əməliyyatları həyata keçirməsi üçün mümkündür. Çünki yardım Ukraynaya çatandan sonra rəsmi Kiyevin müqavimət imkanı güclənəcək və Ukraynaya yəqin ki, yeni əks- hücum əməliyyatına başlamağa cəhd edəcək. Bu, təxminən yay aylarına təsadüf edə bilər. İqlim şəraiti də buna iqlim verəcək. Ancaq payız- qışa doğru Ukraynanın silah-sursatı yenidən tükənəcək və vəziyyət növbəti dəfə gərginləşəcək. O zaman ABŞ-də hakimiyyətdə kimin olacağı isə hələ ki, məlum deyil”.
Müsahibimiz bildirib ki, Ukrayna üfüqündə hələ sülh görünmür:
“Çünki tərəflərin konsensus əldə etməsi üçün imkan yoxdur və bunun üçün səy də göstərilmir. Doğrudur, hər iki tərəf yorulub, imkanları tükənir. Müharibə həm Rusiyaya, həm də Ukraynaya ziyan vurur. Amma gələcək ssenari Kiyev üçün daha qeyri-müəyyəndir, nəinki Moskva üçün. Çünki Rusiyanın tərəfdaşlarından, o cümlədən İran, Çin və Şimali Koreyadan asılılığı həyati səviyyədə deyil və bu, daha çox iqtisadi sferadadır. Ukrayna isə ABŞ-dən həm hərbi, həm də siyasi baxımdan asılıdır. Bu baxımdan ABŞ “hansı havanı çalsa” Ukrayna da “onu oynamağa” məcburdur”.
Günay