“Mütləq şəkildə islahatlara getməlidirlər”

“Mütləq şəkildə islahatlara getməlidirlər”
 
"2017-ci ildə dövlət büdcəsindən bədən tərbiyəsi və idman sahəsinə ümumilikdə 34 milyon manat ayrılacaq”. 

Musavat.com-un məlumatına görə, bunu Milli Məclisdə 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, gələn il gənclər və idman siyasəti sahəsinə ayrılacaq vəsait ötən ildəkindən çoxdur. 

S.Şərifov növbəti ildə ölkədəki idman komplekslərinə ayrılacaq vəsaitin həcmini açıqlayıb: "Gələn il idman komplekslərinin saxlanılmasına 6,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur”. 

Nazir qeyd edib ki, 2017-ci ildə gənclər siyasəti sahəsində ən az pul vəsaiti ayrılacaq qurum Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu olacaq: "Belə ki, Gənclər Fonduna gələn il üçün cəmi 1 milyon manat ayrılacaq”.
 
Gənclər və idman komitəsinin sədri Fuad Muradov 33 rayonun dotasiyadan məhrum edilməsinə toxundu:"Mən bilmək istəyirəm ki, bizim cəbhə bölgəsində olan rayonlarlımızda vəziyyət necədir? Çünki hər zaman mənfur ermənilər tərəfindən təzyiqlər var. Bizim müdafiə sahəsinə ayrılan xərclər də azalmayıb və təbii ki, azala da bilməz”.

F.Muradov gənclərə və idman sahəsinə ayrılan vəsaitlə bağlı danışarkən deyib ki, "Gənclərə qoyulan sərmayə digər sahələrə nisbətən daha çox vacibdir”. 

Komitə sədri qiymət artımından da bəhs edib: "Əgər həmin qurumlar yeni bir iş üsuluna keçəcəklərsə, qiymət artımı məqbuldur. Mütləq şəkildə islahatlara getməlidirlər. Bu şirkətlərdə islahatlara gedilməsə, onlar özlərinin maliyyə vəziyyətini düzəltməsələr, bu çətinliklər növbəti illərdə də qalacaq”. 


OXŞAR XƏBƏRLƏR