“Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var” - Misir XİN başçısı

“Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var”.
Bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bunun qarşısını almaq lazımdır:
“Bütün vasitələrlə buna mane olmağa çalışırıq. Problemlərin dialoq yolu ilə beynəlxalq hüquqa uyğun şəkildə həllini tapmasını istəyirik”.
Yaxın Şərqdə proseslər necə davam edəcək?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Yaxın Şərqdə başlanan gərginlik yeni müharibə ocağının yaranması üçün zəmindir:
“Burada genişmiqyaslı müharibə başlayarsa, bu, dünyadakı qütbləşməni daha da artıracaq. Müxtəlif dövlətlər Şərqlə Qərb arasında seçim etməli olacaqlar. Bu isə perspektivdə üçüncü dünya müharibəsi deməkdir. Doğrudur, Yaxın Şərq regionunda son günlər nisbi sakitlikdir. Amma Tehranla Təl- Əviv arasında yenidən toqquşmanın olması gözləniləndir”.
Ekspert bildirib ki, toqquşma yenidən başlayarsa, bu dəfə qısamüddətli olmayacaq:
“Belə bir ssenarinin olmasını istəməyənlər ehtimal edilən eskalasiyanın qarşısını almaq üçün maksimum səy göstərməlidirlər. Nəzərə almaq lazımdır ki, hazırda dünyanın müxtəlif regionlarında baş verən hadisələr nəticəsində dünyanın təhlükəsizlik arxitekturası dəyişilir. Yaxın Şərqdə ehtimal olunan genişmiqyaslı eskalasiya isə bu baxımdan kuliminasiya nöqtəsi ola bilər”.
Günay