“Sevilməyə ac olan Aygün Kazımovanı öpüşümlə susduracam” – MÜSAHİBƏ FOTOLAR

“Sevilməyə ac olan Aygün Kazımovanı öpüşümlə susduracam” – MÜSAHİBƏ FOTOLAR

Özünün dediyinə görə, soyuqda fotosessiya etdirmək onun alnına yazılıb. Amma işini sevdiyi üçün noyabr ayının ən şaxtalı günündə açıq havada, Qarabağ atının belində çəkilməkdən imtina etmədi. Çünki söz vermişdi və sözünün üstündə durdu. Sizi çox intizarda saxlamaq istəmirəm və qonağınızı təqdim edirəm.

"5-ci Element”-in ən gənc qəhrəmanı Fariz İlyasov Publika.az-ın qonağı olaraq suallarımızı cavablandırdı.

- Özünüzü "AzTv”-də yoxsa, "Atv”-də daha azad və sərbəst hiss edirdiniz?

- İlk olaraq qeyd edim ki çalışdığım MAG (Müasir Azərbaycan Gənci) verilişi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Gəncliyi 2011-2015-ci illər Dövlət proqramı çərçivəsində "MZ" prodakşn tərəfindən hazırlanır və "AzTv”-də yayımlanırdı. Yəni, mən bu layihənin işçisi idim. Kollektivimiz də mənimlə birlikdə bu sahədə addımlamağa başlayan gənclərdən və bizə dəstək olan peşəkarlardan ibarət idi. "Atv”-də "5-ci Element” verilişinin kollektivində isə illərdir efirdə müxtəlif layihələrdə tanınıb sevilən peşəkar aparıcılarla eyni efiri paylaşıram. Bu, mənim üçün daha böyük məsuliyyət deməkdir. Hər kəsə məlumdur ki, Dövlət televiziyasının müəyyən qaydaları var və onlara riayət etmək mütləqdir. Bu baxımdan "Atv” aparıcısına daha çox azadlıq verir. MAG kollektivi mənim televiziyadakı ailəmdir. Buna baxmayaraq, "5-ci Element” kollektivi ilə də qısa zamanda dostlaşdıq. Artıq özümü yeni kollektivimdə də olduqca rahat və xoşbəxt hiss edirəm.

"İnsanlara ölkəmizin mədəniyyəti və incəsənəti çox maraqlı deyil”

- Bu vaxta kimi apardığınız verilişlərdə hər hansı senzura tətbiq olunubmu?

- Senzura deməzdim, amma dövlət televiziyasının yuxarıda qeyd etdiyim kimi, öz qanunları və tələbləri var. Bu tələblər pozulan zaman bəzi çəkilişlərimizdə müəyyən dəyişikliklər edib yayımladığımız verilişlər olub.

- Sizcə, mədəniyyət və incəsənətlə bağlı olan verilişlər Azərbaycanda tamaşaçıların ehtiyacını ödəyə və öz funksiyasını yerinə yetirə bilir?

- Bunu tamaşaçıların mədəni səviyyəsinə baxıb asanlıqla görmək olar. Düşünürəm ki, bu gün insanlara ölkəmizin mədəniyyəti və incəsənəti çox maraqlı deyil. Mədəniyyətimizi əks etdirən verilişlərə xalq tərəfindən çox da baxılmır. Bəlkə də bu tip verilişlərin formatında dəyişiklik etmək lazımdır, amma dünya tendensiyasında da bələdir. İnsanlar ya əyləncəli, ya da sosial yönümlü proqramlara daha çox maraq göstərir. Yəqin ki, fərqli insan taleləri izləyiciləri daha çox ekrana cəlb edir. Mədəniyyət və incəsənət verilişlərinin isə bu sahə ilə daim maraqlanan öz xüsusi izləyici kütləsi olur.

"İnsanların mənə sevgi dolu gözlərlə baxmasını istəyirəm”

- Aparıcı kimi öz aktuallığınızı qorumaq və insanların xoşuna gəlmək üçün nə edirsiniz?

- Aparıcı kimi əsas məqsədim hər zaman efirdən izləyicimin zövqünü oxşamaq və onlara gözəl enerji ötürməkdir. İnsanların mənə sevgi dolu gözlərlə baxmasını istəyirəm. Efirə çıxarkən bütün düşüncəm və hisslərim də bu istiqamətdə olur. Çünki insanları çox sevirəm və qəlbimdə hiss etdiyim bu böyük sevgi gözlərimdə də əks olunur. Sevgi dolu baxan gözlərə məncə, insanlar da sevgi ilə qarşılıq verəcək. İşini çox sevən, izləyicisinin sevgisini qazanan və istedadlı birinin aktuallığını itirməyəcəyinə inanıram.

- Efirdə bir müddət görünmədiniz. Bu müddət ərzində sizdə və sizə münasibətdə nə dəyişdi?

- Bəli, birillik hərbi xidmətə yollandım. Əslində, mən nəinki efirdən, ölkədən getməyi planlaşdırmışdım. Hətta xaricdə magistr imtahanı verib yüksək bal toplamışdım. Amma hisslərimlə hərəkət edən biri olduğuma görə hərbi xidmətdən döndükdən sonra bütün planlarımı dəyişdim və öz ölkəmdə qalıb, burada uğurlu işlərə imza atmağı qərara aldım. Köhnə kollektivim məni çox isti qarşıladı. Çünki olmadığım müddətdə əvəzimə bir neçə oğlan aparıcı ilə çalışıblar, amma heç biri ilə çəkilişləri davam etdirə bilməyiblər. Kollektivim mənə etiraf etdi ki, başqaları ilə çalışdıqdan sonra dəyərimi daha çox anlayıblar. Bəzən kənarlaşmağın həm sənə, həm də ətrafına müsbət təsiri olur. Yenidən MAG verilişinə dəvət aldım və sevdiyim işimə davam etdim. Sevindirici məqamlardan biri də odur ki, tamaşaçılar da qayıdışımı müsbət qarşıladı. Hisslərim məni yanıltmır, bu gün sevdiyim kanalda sevdiyim kollektivlə çalışıram.

- Ötən il "V element” verilişinin reytinqi çox yüksək idi. Sizcə, gəlişiniz reytinqə təsir edib? Bu verilişdə sizdən daha çox iş təcrübəsi olan digər aparıcılardan nə öyrənirsiniz? Özünüzə qarşı qısqanclıq hiss etmirsiniz ki?

- Etiraf etməliyəm ki, "5-ci element” izləyicilərinin məni necə qarşılayacaqları bizi narahat edirdi. Buna görə ilk efirdən sonrakı təəssüratları həyəcanla izləyirdim. Görünür, izləyicilər mənim onlara olan sevgimi hiss edə bilib. Çünki efirdən sonra məni inanılmaz dərəcədə sevindirən reaksiya ilə qarşılaşdım. Bir izləyicim fikrini belə ifadə etmişdi: "İlk dəfə idi ki, dəyişiklik müsbət nəticələnir”. Bu cür fikirlər məni işimə daha böyük sevgi ilə yanaşmağıma səbəb olur. Hər həftənin yüksək reytinq göstəriciləri də insanların verilişimizə olan marağının artdığını göstərir. Karyeramın ilk addımlarında belə peşəkar komanda ilə çalışmaq imkanı qazandığım üçün özümü şanslı hesab edirəm. Aparıcı həmkarlarımın hər biri öz tərzi, xarakteri ilə seçilən və öz sözünü demiş istedadlı şəxslərdir. Onlarla bir efiri bölüşmək həm zövqlü, həm də çox əyləncəlidir. Onları yaxından tanıdıqca daha da sevir və daha doğma münasibətlə qarşılaşıram. Hər hansı problemim olanda hamısı ürəkdən maraqlanır və o məsələni aradan qaldırmaqda mənə köməklik edirlər.

"Aygün Kazımovanı öpüşümlə susduracam!”

- Aygün Kazimova ilə münasibətiniz necədir?

- Aygün xanım gözəl və çox güclü qadındır. Onunla "5-ci Element” verilişinin yeni mövsümünün ilk efir çəkilişində tanış oldum. Uşaq kimi saf və sevilməyə ac bir qəlbi olduğunu düşünürəm. O xanım hələ də layiq olduğu kimi sevilməyib. Cazibədar qadın olsa da, gözəlliyinin ağlımı dumanlandırmasına imkan vermədim və ona xoş olmayacağını bilə-bilə mənə qaranlıq qalan məqamlara aydınlıq gətirməsi üçün bəzi özəl məqamlara toxundum. Heç kim ilk dəfə gördüyü birinə ürəyini açıb danışmaz. Ona görə də Aygün xanım onu sıxışdıracağımı düşünərək suallardan yayınmağı üstün tutdu. Çəkilişin sonunda Aygün xanımla bağlı fikirlərimizi aldılar. Mən də "Aygün Kazımova bu gün əvvəlki kimi cəsarətli ola bilmədi. İllər öncə verdiyi müsahibələrinin arxasında dağ kimi dayana bilmədi”, - söylədim. Görünür, bu sözlərim Aygün Kazımovaya toxunub. Veriliş efirə gedəndən bir neçə gün sonra məkanların birində kameralar önündə onunla qarşılaşdıq və məndən öz şıltaq tərzində qisas almağa çalışdı. "Əgər mənim ürəyimi aça bilmədinsə, bu, mənim yox, sənin qeyri-peşəkarlığındır”, - dedi. Bu sözləri ilə məni əsəbləşdirsə də, heç nə demədim. Ondan sonra qarşılaşmamışıq, buna baxmayaraq əminəm ki, o xanımın qəlbində yer tapa bilmişəm və bu, gec-tez öz təsirini göstərəcək. Əgər nə vaxtsa aramızda belə hal təkrarlansa, onu öpüşümlə susduracam.

"Gücüm dürüstlüyümdədir!”

- Qərarlarınızı özünüz müstəqil verirsiniz, yoxsa ki, ailənizin təsiri var?

- Mən bütün münasibətlərimdə birinci güvən qazanmağa çalışıram. Güvənilən biriyəm və ona görə də insanların mənə xüsusi bir inamı var. Ən böyük biclik dürüstlükdür deyiblər. Mənim də gücüm dürüstlüyümdədir. Ailəm mənə sonunadək güvənir və bu vaxta kimi verdiyim qərarlarımla doğru yolda addımladığımı onlara sübut etmişəm. Qərar verməzdən öncə çox düşünürəm, amma sonda hisslərimə arxalanaraq hərəkət edirəm. Heç bir qərarımı və ya yeniliyimi ailəmlə, dostlarımla bölüşmürəm. Hətta "5-ci Element” verilişində aparıcılıq edəcəyimi ailəm hər kəs kimi anonsumuz ilk dəfə efirə gedən zaman tv-dən izləyərək xəbər tutmuşdu.

"Bu şəkillərə baxıb sənə heç kim gəlməyəcək”

- Model kimi fəaliyyət göstərməyinə necə münasibət göstərirlər?

- Təəccüblənirlər. Dediyim kimi öz fəaliyyətimi yaxınlarımla bölüşməyi sevmirəm, özləri oradan-buradan xəbər tutur. İzləyicilərim gördüyüm işlərdən bəlkə də ailəmdən daha çox məlumatlıdır. Ötən gün anam xanım modellə çəkildiyim səmimi reklam şəkilləri gördükdən sonra "Bu şəkillərə baxıb sənə heç bir qız gəlməyəcək” deyə xəbərdarlıq etdi. Hər zamanki kimi onun bu yanaşmasını gülüşlə qarşıladım. "Şəkillərimə baxıb gələcəksə, heç gəlməsin” cavabını verdim. Ümumiyyətlə anamla evlilik mövzusunda duzlu-istiotlu atışmalarımız çox olur. Hələ söhbətə nənəm qarışanda deyiləcək sözüm qalmır (Gülür).

- Peruda keçirilən modellik yarışmasında qalib ola biləcəksiniz? Yaraşığınıza nə qədər güvənirsiniz?

- Mən heç vaxt yaraşığıma güvənərək hərəkət etməmişəm. Amma hər zaman bu mövzu ilə bağlı ətrafdan xoş fikirlər eşitmişəm. Peruda keçiriləcək "Mister Pasific World 2017” modellik yarışmasından gələn təklif də məni çox təəccübləndirdi. Adətən belə beynəlxalq yarışmalara modelləri ölkəmizdə fəaliyyət göstərən təşkilatçılar seçib göndərir. Amma bu dəfə Perudan təklif mənə birbaşa yarışmanın təşkilatçısından gəldi. Sosial şəbəkələrdən məni görüb bəyəniblər və ölkəmi təmsil etmək təklifini etdilər. Peru çox uzaq olduğundan təklifə isti baxmadım, amma məni razı sala bildilər. Məncə, insanda istedadın, ulduz işığının mövcudluğu və yaraşıqlı olmasından daha vacibdir. Ona görə yaraşığımla qürurlanan biri deyiləm. Kiminsə səni yaraşıqlı adlandırması əlbəttə ki, xoşdur, eyni zamanda bunun istedadıma kölgə salmasını istəmərəm. Yarışmanın qalibi ola bilməyim üçün xalqımın məni dəstəkləməsi vacibdir. Onlayn səsvermə ilə hələlik ilk 10-luqdayam. Yarışmada Fariz İlyasov deyil, "Mister Azerbaijan” adı ilə təmsil olunacam. Odur ki, məsuliyyətim və həyəcanım iki qat artır. İnanıram ki, xalqım öz həmyerlisini ucaltmağı da, ucaltdığını salmağı da çox yaxşı bacarır. Xalqımın mənə səsvermədə iştirak edərək dəstək olacağına inanıram.

- Xoşbəxt olmağınız üçün həyatınızda nə çatışmır? Siz bu yolda necə mübarizə aparırsınız?

- Hər bir insan həyatda xoşbəxt olmaq üçün çalışır-çabalayır. Ümumiyyətlə, xoşbəxtlik anlayışını iki növə bölərdim. Birincisi, xoşbəxtlik hissidir. Hansı ki, hər hansı bir uğurun, sevincin, xoş hadisənin ardından bir müddətlik məmnunluq hissi yaranır. İkincisi isə ümumi xoşbəxtlik yəni, əslində bədbəxt olmadığın müddətcə xoşbəxtsən. Əgər mənim sağlamlığım qaydasındadırsa, ailəm yanımdadırsa və sevdiyim işlə məşğulamsa, deməli özümü xoşbəxt hesab edə bilərəm. Digər çatışmazlıqları isə çox da önəmsəmirəm. Həyat özü mübarizə meydanıdır. Mübarizə aparmadan insan heç nəyə nail olmur. Mən bu gün müəyyən uğurlara imza atıramsa, bunu apardığım mübarizənin hesabına qazanmışam.

- Həyatınızı istədiyiniz kimi yaşaya bilirsiniz?

- Çox böyük enerjiyə sahibəm. Sahib olduğum enerji ilə müqayisədə yaşadığım həyat bir qədər sönük qalır. Bu həvəs və enerji ilə daha çox işlər görə bilərəm. Amma hər şey mənim istəyimlə reallaşmır. Sahib olduqlarımı dəyərləndirirəm, lakin bununla kifayətlənə bilmərəm. Odur ki, daim yenilik axtarışındayam.

- Sizi nəyəsə inandırmaq çətindir?

- İnsanlara inanmaq istərdim, təcrübə isə göstərir ki, hər deyilən sözə inanmaq axmaqlıq olar. Mənə ən yaxın olan, illərdir dürüstlüyünə şübhə etmədiyim biri olsa belə sonadək heç kimə arxalanmıram. Öz bildiyim doğrularım var və onlara görə kimin düz danışıb-danışmadığını müəyyənləşdirirəm. Amma bəzən elə biri olur ki, şərtsiz inanmaq istəyərsən, bütün qəlbinlə inanarsan və sonda üzülən tərəf yenə də sən olarsan.

"İnsana özünü unutdurursa, deməli, sevirsən”

- Qızlar sizə nəyə görə vurulur: Yaraşıqlı, ağıllı, yoxsa məşhur olduğunuz üçün?

- Əgər qızlar mənə yaraşığıma, ağlıma və ya məşhurluğuma görə vurularsa, bunu eşq yox, heyranlıq adlandırardım. Çünki eşq hisslərlə yaranan və yaşanan bir duyğudur. Eşq olan zaman ağıl da, xarici görünüş də, yaş da, şan-şöhrət də öz əhəmiyyətini itirir. Sevən zaman qarşındakı şəxsin yaraşıqlı, ağıllı, imkanlı və s. olduğunu düşünməzsən. Sadəcə ona yaxın olmaq, hər şeyini onunla bölüşmək, onun enerjisini hiss etmək istəyərsən. Əgər iki insanın enerjisi və aurası bir-birini məmnun edirsə və bu enerji insana özünü unutdurursa, deməli, sevirsən.

"Bu, sağlam münasibət üçün heç də doğru addım olmaz”

- Bəyəndiyiniz qızla tanış olmaq üçün məşhurluğunuzdan istifadə etmisiniz?

- Həyatımı "mən ulduzam”, "məşhuram” düşüncəsi ilə yaşamıram. İnsanlarla münasibətimdə də sərbəst və rahat oluram. Çox zaman buna görə, məni yeni tanıyan şəxslər təəccüblənir və tanımazdan öncə haqqımda fərqli düşüncədə olduqlarını etiraf edirlər. Məşhurluğumdan istifadə edərək bəyəndiyim qızla tanış olsam, onda gərək özümü olduğum kimi yox, ulduz kimi aparmağa başlayım. Bu, isə sağlam münasibət üçün heç də doğru addım olmaz.

- Yaraşıqlı bəysiniz. Maraqlıdır ki, nə vaxtsa tərk və ya rədd edilmisiniz?

- Sevgi yaraşığa baxmır ki. Yaraşıqlı və ya gözəl olmaq ideal münasibət yaşamaq üçün səbəb deyil. Həyatda hər şey olur.

- Səhv edəndən sonra peşmançılıq çəkirsiniz, yoxsa "əcəb eləmişəm” deyirsiniz?

- Həyatımı məni peşman edəcək səhv addımları atmadan yaşamağa çalışıram. Yaxınlarım necə nizam-intizamlı həyat yaşadığımı bilir. Hətta mənə "Sən bu dünyanın adamı deyilsən”, - deyirlər. Təbiidir ki, səhvsiz də insan olmur. Arxaya dönüb baxdığımda məni utandıracaq səhvlərim olmayıb. Ona görə də yaşadıqlarımdan peşmançılıq çəkmirəm. Səhv edəndə isə əcəb eləmişəm sözünü heç vaxt işlətmirəm, sadəcə gərək etməzdim deyib, mövzunu bağlayıram.

- Bu yaxınlarda hisslərini göstərməyi sevməyən insanlar haqqında status yazmışdınız. Bəs siz duyğularınızı qarşı tərəfə hiss etdirə bilirsiniz?

- Əgər kiməsə qarşı özəl hisslər duyuramsa, bunu açıq şəkildə olmasa da, ona göstərdiyim diqqət və marağımla büruzə verməyə çalışıram.

"Əgər qadınlar da sevə bilirsə...”

- Qadının kişiyə eşq elan etməsinə necə baxırsınız?

- Əgər qadınlar da sevə bilirsə, niyə də bunu etiraf etməsin? Amma daha yaxşı olardı ki, qadın elə bir vəziyyət yaratsın ki, etirafı kişi etsin. Yəni, sevdiyi kişini özünə aşiq etdikdən sonra onu etirafa həvəsləndirsin.

"Oğlan modelləri çılpaq şəkillərə ehtiyac duymur”

- Qız modellərin bəziləri sırf gündəmdən düşməmək üçün açıq-saçıq fotosessiyalar etdirir. Amma Azərbaycanda oğlan modellər çılpaq fotosessiyalara çəkilmir. Buna münasibətiniz necədir?

- Çəkilmir deməzdim. Fotoqrafların əksəriyyəti qızların fotosessiyasına çəkməyə maraqlı olduqları üçün belə alınır. Həm də oğlan modellərin çılpaq şəkillərə ehtiyac duyduqlarını zənn etmirəm. Elə yaxşı ki, çəkilmirlər.

- İdeal qadın gözəlliyini necə ifadə edərdiniz?

- Qadını gözəl edən sadəcə onun qüsursuz xarici görünüşü deyil. Bir qadın gözəl ola bilər, amma içi boşdursa heç vaxt ciddi qarşılanmayacaq. Zahirən və daxilən çəkici olmaqla bərabər, onu digərlərindən fərqləndirən orijinal xüsusiyyətləri olan qadın mənim gözümdə gözəldir.

- O xanımla qarşılaşmısınız, yoxsa hələ də axtarışındısınız?

- Axtaran tapar deyiblər. Mən heç vaxt sevgi axtarışında olmamışam. Həyatın qarşıma çıxardığı şəxslərdən seçim etmişəm. Bəlkə buna görədir ki, hələ də böyük bir eşq yaşamamışam.

- İndi modellərin çoxu seriallarda çəkilir. Sizə belə bir təklif gəlibmi?

- Mən aparıcı kimi tanınsam da çoxları bəlkə də bilmir ki aparıcılıqdan öncə TOTEM teatr qrupunda aktyorluqla məşğul olmuşam. Bu sahədə mənimlə bir addımlayan dostlarım hazırda film və seriallarımızda aktyor kimi çəkilirlər. 1-ci ümumrespublika teatr festivalındakı çıxışımdan sonra MAG verilişinə aparıcı seçildim və artıq tamaşaçı məni aparıcı kimi tanımağa başladı. Məni cəlb edəcək film və ya serial təklifi gələrsə yenidən aktyor kimi bacarığımı göstərmək maraqlı olar.

"Yaşıl gözlü insanlar çox ehtiraslı sevir və qısqanc olur”

- Yaşıl gözlü insanların başqalarından əsas fərqi və üstünlüyü nədir?

- Məncə, çəkicilik yaşıl gözlü insanların ən böyük üstünlüyüdür. Yaşıl gölü insanların başqalarından əsas fərqi isə qısa zamanda ətrafdakıları təsiri altına almağı bacarması, çox ehtiraslı və qısqanc olmasıdır.


OXŞAR XƏBƏRLƏR

Energetika naziri “İstanbul Enerji Forumu”nda iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın dəvəti ilə Türkiyəyə səfər edib.   Bu barədə ...

BuBu universitetdə təkrar ali təhsilə qəbul sayı 2,5 dəfə artdı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2024/2025-ci tədris ili üzrə təkrar ali təhsilə qəbulun nəticələri açıqlanıb.   Sfera.az xəbər verir...

Ermənistan rəhbərliyinin COP29 iştirak etməməsi sülh prosesinə necə təsir edəcək? - AÇIQLAMA

“Ermənistan rəhbərliyinin COP29 tədbirində iştirak etməməsi sülh prosesinə mənfi təsir etməyəcək”.   Bunu Sfera.az-a açıqlamasında polito...

Baş nazir QƏRAR İMZALADI

Nazirlər Kabineti “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqınd...

Gələn il Xankəndi və Ağdərədən büdcəyəgəlirlər daxil olacaq

İşğaldan azad olunmuş ərazilərimiz ölkə iqtisadiyyatına yenidən inteqrasiya olur.   Sfera.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin...

İsraillə müharibə Livana milyardlarla dollara BAŞA GƏLİB

İsraillə müharibə Livana 20 milyard dollara başa gəlib.   Sfera.az xəbər verir ki, bunu Livanın iqtisadiyyat naziri Amin Salam deyib.   Mə...