“İlin sonunadək iqtisadiyyatın böhrana məruz qalacağı gözlənilir”

“İlin sonunadək iqtisadiyyatın böhrana məruz qalacağı gözlənilir”

"Azərbaycanda 2017-ci ilin sonuna qədər iqtisadiyyatın 2,8 faizlik böhrana məruz qalacağı gözlənilir”.
Sfera.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində çıxışı zamanı maliyyə naziri Samir Şərifov bildirib.
S.Şərifov deyib ki, bu il qlobal iqtisadiyyatda baş verən proseslərin ölkə iqtisadiyyatına təsirinin azaldılması istiqamətində müvafiq tədbirlər görülür:
"Cari ildə görülən tədbirlərin 2017-ci ildə də davam etdirilməsi və genişləndirilməsi, ünvanlılıq və səmərəliliyin artırılması, yeni çağırışlara baxmayaraq makroiqtisadi sabitliyin qorunması əsas hədəflərdəndir”.
Nazir əlavə edib ki, bu ilin sonunda Azərbaycanda 58 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsalı gözlənilir.
S.Şərifov vurğulayıb ki, 2017-ci ildə dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 210,0 milyon manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 6 100,0 milyon manatı ARDNF-dan transfertlərin, 2 200,0 milyon manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 445,0 milyon manatı isə digər gəlirlərin payına düşür:
"Azərbaycanın 2017-ci il icmal büdcəsinin gəlirləri 19 720,7 milyon manat və ya əvvəlki ilə nisbətən 5 559,9 milyon manat (39,3 faiz) çox, xərcləri 20 967,2 milyon manat və ya əvvəlki ilə nisbətən 3 599,4 milyon manat (14,7 faiz) az nəzərdə tutulub. İcmal büdcənin tərkib hissəsi olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri 3 400,0 milyon manat proqnozlaşdırılır. Fondun xərclərinin 37,4 faizi və ya 1 270,0 milyon manatı dövlət büdcəsindən birbaşa transfer, 62,6 faizi və ya 2 130,0 milyon manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına örtüləcək. Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin gəlirləri 8 370,6 milyon manat nəzərdə tutulur ki, bu da 2016-cı illə müqayisədə 4889,1 milyon manat və ya 2,4 dəfə çoxdur. Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin xərcləri 6 951,3 milyon manat təşkil edəcək ki, bu da 2016-cı illə müqayisədə 3 685,0 milyon manat və ya 34,6 faiz azdır. Fondun xərclərinin 6 100,0 milyon manatı və ya 87,8 faizi dövlət büdcəsinə nəzərdə tutulan transferə, 822,0 milyon manatı və ya 11,8 faizi bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlər, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, CQD-i layihələrində Azərbaycanın iştirak payı), 29,3 milyon manatı və ya 0,4 faizi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları"nın maliyyələşdirilməsinə yönəldiləcək. Ortamüddətli büdcə proqnozlarına əsasən 2017 və 2018-ci illərdə icmal büdcəsinin kəsri azalacaq, 2019-cu ildən etibarən isə profisitli büdcə olacaq. Ortamüddətli büdcə proqnozlarına əsasən dövlət və icmal büdcənin neft gəlirlərindən asılılığının azaldılması siyasəti davam etdiriləcək. Belə ki, 2017-ci il və sonrakı 3 il üçün hazırlanmış proqnozlara əsasən 2020-ci ildən başlayaraq dövlət büdcəsinin cari xərclərinin qeyri-neft gəlirləri hesabına ödənilməsi hədəflənir. Həmçinin, 2020-ci ildə ARDNF-un gəlirləri nəzərə alınmadan hesablanmış icmal büdcə kəsirinin ÜDM-in cəmi 6,9 faizini təşkil edəcəyi proqnozlaşdırılır.
2017-ci il dövlət büdcəsinin xərcləri 16 600,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2016-cı illə müqayisədə 1 895,0 milyon manat və ya 10,2 faiz az deməkdir. 2017-ci il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 58,7 faizi həcmində və ya 9 745,2 milyon manat (əvvəlki ilə nisbətən 2 360,4 milyon manat və ya 19,5 faiz az), əsaslı xərclərə ümumi xərclərin 31,4 faizi həcmində və ya 5 213,0 milyon manat (əvvəlki ilə nisbətən 598,7 milyon manat və ya 13,0 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 9,9 faizi həcmində və ya 1 641,8 milyon manat (əvvəlki ilə nisbətən 133,3 milyon manat və ya 7,5 faiz az) vəsait yönəldiləcək. İqtisadi təsnifata uyğun olaraq, 2017-ci il dövlət büdcəsində əməyin ödənişinə 4 077,0 milyon manat və ya xərclərin 24,6 faizi həcmində, malların (işlərin və xidmətlərin) satın alınmasına 3123,5 milyon manat və ya xərclərin 18,8 faizi həcmində, faizlər üzrə ödənişlərə 408,4 milyon manat və ya xərclərin 2,5 faizi həcmində, subsidiyalar və cari transfertlərə 704,5 milyon manat və ya xərclərin 4,2 faizi həcmində, qrantlar və digər ödənişlərə 75,6 milyon manat və ya xərclərin 0,5 faizi həcmində, təqaüdlər və sosial müavinətlərə 2067,8 milyon manat və ya xərclərin 12,5 faizi həcmində, digər xərclərə 1259,7 milyon manat və ya xərclərin 7,6 faiz həcmində, qeyri-maliyyə aktivlərin alınmasına 3603,3 milyon manat və ya xərclərin 21,7 faizi həcmində, maliyyə aktivləri üzrə əməliyyatlara 52,0 milyon manat və ya xərclərin 0,3 faizi həcmində, öhtəliklər üzrə maliyyə əməliyyatlarına 1228,2 milyon manat və ya xərclərin 7,4 faizi həcmində vəsait nəzərdə tutulur”.


OXŞAR XƏBƏRLƏR