Azərbaycanda bu ərzaq məhsulları UCUZLAŞDI - SİYAHI

Azərbaycanda ərzaq qiymətlərində illik müqayisədə müşahidə edilən azalma martda bir qədər də sürətlənib.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qida məhsullarının qiymət səviyyəsi bu ilin martında ötən ilin mart ayına nisbətən 1,6 faiz enib.
Əvvəlki aylarla müqayisədən görünür ki, ərzaq qiymətlərində enmə sürəti bir qədər də güclənib. İllik müqayisədə ərzaq qiymətləri bu ilin yanvarında 0,3 faiz artdıqdan sonra fevralda 0,8 faiz enib, martda isə ucuzlaşma sürəti 1,6 faizə yüksəlib.
Ərzaq qiymətlərində illik müqayisədə enmə son illərdə müşahidə edilmirdi. Belə bir halın baş verməsinə səbəb dünyada ərzaq qiymətlərinin kəskin yüksəlməsindən sonra bu il qiymətlərin sürətlə enməsidir Qlobal səviyyədə son bir ildə ərzaq qiymətlərinin 7 faizə qədər enməsi müşahidə edilib və bu dəyişiklik tədricən Azərbaycana da sirayət edir. Aylıq müqayisədə isə ərzaq qiymətləri 0,7 faiz artıb.
Mart ayında ən çox düyü, kolbasa, təzə və dondurulmuş balıq, kərə və zeytun yağı, limon, naringi, alma, armud, heyva, nar, qoz, fındıq, şabalıd, kələm, pomidor, balqabaq, çuğundur, sarımsaq, soğan, kartof, çay bahalaşıb.
Unun, qarabaşaq yarmasının, toyuq ətinin, yumurtanın, süfrə marqarininin, qarğıdalı yağının, portağalın, bananın, yerkökünün qiymətlərində isə enmə müşahidə olunub.
Onu da qeyd edək ki, Azərbaycan əhalisinin istehlak xərclərində ərzaq xərcləri ən böyük paya sahib olduğundan qida məhsullarının ucuzlaşması ümumən inflyasiya səviyyəsinə azaldıcı təsir göstərir. Son bir ildə inflyasiyanın 0,4 faizə enməsində ərzağın ucuzlaşmasının böyük təsiri olub.
Böyük ehtimalla ərzaq mallarında ucuzlaşma iyun-iyul aylarına qədər davam edəcək. Çünki ötən il bu məhsulların qiymətində həmin dövrə qədər ciddi artımlar baş verib.
Vasif