Azərbaycanda keçiriləcək COP29 konfransının dünya üçün əhəmiyyəti nədir? - ANALİZ

Müasir dünyanın gündəmində dayanan əsas məsələlərdən biri də qlobal istiləşmə problemidir. Qlobal istiləşmə prosesinin sürətlə getməsi dünyada iqlim dəyişikliklərinə səbəb olur və bu, canlı oqranizmlər üçün ciddi təhlükələr yaradır. 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 beynəlxalq konfransının da mövzusu qlobal istiləşmədir.
Sfera.az xatırladır ki, əvvəllər bu məsələ yalnız elmi dairələri narahat edirdi. Amma son onilliklərdə qlobal problem dövlətləri də narahat etməyə başlayıb və bu istiqamətdə ilk böyük addım 1992-ci ildə atılıb. 1992-ci ildə Brazilyanın Rio-de-Janeyro şəhərində keçirilən BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası imzalanıb. Dünyanın 154 dövləti Konvensiyanı imzalamaqla iqlim dəyişikliyinə qarşı mübarizəyə siyasi dəstək verəcəklərini təsdiqləyiblər. Razılaşma 1994-cü ildə qüvvəyə minib. Çərçivə Konvensiyasının son məqsədi onun 2-ci maddəsində öz əksini tapıb. İkinci maddədə qeyd edilir ki, atmosferdə istixana qazlarının konsentrasiyaları iqlim sistemi üçün təhlükəli olmayan səviyyədə sabitləşdirilməlidir.
Çərçivə Konvensiyasında nəzərdə tutulan hədəflərə çatmaq üçün 1997-ci ildə dövlətlər Kioto protokolunu imzaladı. Kioto protokolu 2016-cı ilə qədər qüvvədə oldu. Onu həmin tarixdən Paris razılaşması əvəz etdi və bu razılaşma hələ də qüvvədədir. Son məlumata görə, 1998 dövlət Paris razılaşmasına qoşulub.
İqlim Dəyişikliyi barədə Çərçivə Konvensiyası üzrə ali qərar qəbuledici orqan da fəaliyyət göstərir. Bu orqan Tərəflərin Konfransı və ya ingiliscə COP (the Conference of the Parties) adlanır. COP iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişi qiymətləndirmək üçün hər il toplanır. COP-un 29-cu toplantısı 2024-cü ilin noyabrın 11-24-ü aralığında Bakıda olacaq.
Paris sazişinin qlobal temperaturla bağlı hədəfi var. Həmin hədəfə görə qlobal temperaturda artım sənaye inqilabından (XVIII və XIX əsrlər, buxar gücü ilə işləyən maşınların istehsal prosesinə inteqrasiyası – red.) əvvəlki səviyyədən 2 °C çox aşağı olmalıdır. Bunun üçün emissiyalar mümkün qədər tez azaldılmalı və XXI əsrin ortalarında sıfıra çatmalıdır. Bu məqsədlə 2030-cu ilə qədər emissiyaların təxminən 50% azaldılması lazımdır.
Razılaşmada göstərildiyi kimi dünyada sənayeləşmədən sonra qlobal istiləşmə əvvəlki dövrlə müqayisədə böyük sürətlə getməyə başlayıb. Sənayeləşmədən əvvəl də iqlim dəyişikliyi baş verirdi. Amma 20-ci əsrin ortalarından bəri insanlar Yer kürəsinin iqlim sisteminə misli görünməmiş dərəcədə təsir göstərib və qlobal miqyasda dəyişikliklərə səbəb olub.
İstiləşmənin ən əsas hərəkətverici qüvvəsi 90 faizi karbon qazı (CO2) və metandan ibarət olan istixana qazlarının emissiyasıdır. Bu emissiyaların əsas mənbəyi isə qalıq yanacaqların (kömür, neft və qaz) yandırılması olsa da, bunda kənd təsərrüfatının, ağacların kəsilməsinin və sənaye proseslərinin də rolu var.
İqlim dəyişikliyinə istixana qazları (su buxarı) səbəb olur. Atmosferdə bu qazların miqdarının artması Günəş şüalarının əks etdirilməsini çətinləşdirir və nəticədə Yer kürəsində havanın orta temperaturu yüksəlir.
Temperaturun yüksəlməsi isə yağan qarın miqdarını azaldır, buz örtüyünün yox olmasına səbəb olur. Qlobal istiləşmə hava ilə müqayisədə yerin səthində 2 dəfə böyük sürətlə gedir.
Bu dəyişiklik torpaqda canlı orqanizmi məhv edir və nəticədə səhralaşma artır. İqlim dəyişikliyi səbəbindən səhralar genişləndikcə isti dalğaları və meşə yanğınları daha çox yayılır, daha güclü tufanlar, quraqlıqlar və digər ekstremal hava şəraitinə səbəb olur.
Dağlarda, mərcan riflərində və Arktikada ətraf mühitin sürətli dəyişməsi bir çox canlı növlərinin yerdəyişməsinə və ya yox olmasına səbəb olur. Elm mərkəzləri müəyyən edib ki, gələcək istiləşməni minimuma endirmək cəhdləri uğurlu olsa belə, bəzi təsirlər əsrlər boyu davam edəcək. Bunlara okeanların istiləşməsi, okeanların turşulaşması və dəniz səviyyəsinin qalxması daxildir.
Qlobal istiləşmənin yaratdığı təhlükə Yer planetində canlı orqanizmlər üçün ciddi təhdiddir. Buna görə də bütün dövlətlər bu təhdidi azaltmaq üçün birgə çalışmağa məcburdur.
Razılaşmaya uyğun olaraq Azərbaycan da öz üzərinə öhdəlik götürüb. Həmin razılaşmalara əsasən, 2030-cu ilə qədər Azərbaycan ərazisində atmosferə atılan çirkli qazların 30 faiz azaldılması planlaşdırılır.
Vasif