NATO 75 yaşını QEYD EDİR - Alyansın yaranma tarixi və üzvləri

NATO bu gün 75 yaşını qeyd edir.
Sfera.az bildirir ki, qurum 4 aprel 1949-cu ildə qurulub. Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir.
Yaranma tarixi…
17 mart 1948-ci ildə Belçika, Birləşmiş Krallıq, Fransa, Hollandiya və Lüksemburq tərəfindən imzalanan və Soyuq müharibənin başlanğıcındakı Sovet təhdidinə qarşı ortaq müdafiə razılaşması olan Brüssel müqaviləsi NATO-nun quruluşunun ilk addımı hesab olunur. Sovet İttifaqının həyata keçirdiyi Berlin böhranı 1948-ci ilin sentyabrında Qərbi Avropa Birliyinin müdafiə təşkilatının yaradılmasına səbəb oldu. Buna baxmayaraq, müttəfiq dövlətlər Sovet İttifaqının hərbi gücü qarşısında zəif mövqeyə sahib idi. Həmçinin, 1948-ci ildə kommunistlər tərəfindən Çexoslovakiyada həyata keçirilən hərbi çevriliş nəticəsində ölkədəki demokratik hökumətin hakimiyyəti tərk etməsinin ardınca Böyük Britaniyanın Xarici İşlər naziri Ernest Bevin oxşar hadisələrin qarşısını almaq üçün ən yaxşı yolun Qərb ölkələri arasında ortaq hərbi strategiyanın təşkil olunması olduğunu qeyd etdi.
1948-ci ildə ABŞ Xarici İşlər naziri Corc Marşallın təlimatı ilə Pentaqonda avropalı liderlərlə amerikalı hərbi və siyasi rəsmilər arasında görüş təşkil olundu. Yeni hərbi ittifaq üçün təşkil olunan bu görüşmələr 4 aprel 1949-cu ildə Vaşinqton şəhərində Şimali Atlantika müqaviləsinin imzalanması ilə nəticələndi. Buna görə də onu “Vaşinqton müqaviləsi” adlandırırlar. Müqavilə 14 bənddən ibarətdir. Bununla belə, beşinci bənd müqavilənin təməl daşıdır, ona görə bir üzv dövlətə hücum bütövlükdə alyansa hücum hesab olunur. Bu müqaviləni imzalayanlar arasında Brüssel müqaviləsinə tərəf olan beş dövlət, həmçinin ABŞ, Danimarka, İtaliya, İslandiya, Kanada, Norveç və Portuqaliya var idi.
Alyansın üzvləri…
1952-ci ildə bu müqaviləyə Türkiyə və Yunanıstan qoşuldu. 1955-ci ildə Almaniya Federativ Respublikası, 1982-ci ildə isə İspaniya Vaşinqton müqaviləsini imzaladı. 1990-cı ildə Almaniyanın yenidən birləşməsi nəticəsində Almaniya Demokratik Respublikası Almaniyanın tərkib hissəsi kimi Şimali Atlantika Alyansına qoşuldu. 1999-cu ildə Macarıstan, Polşa və Çexiya NATO-ya üzv oldular. 2004-cü ildə yeddi Avropa ölkəsi NATO-ya qoşuldu: Bolqarıstan, Latviya, Litva, Rumıniya, Slovakiya, Sloveniya və Estoniya. 2008-ci ilin aprelində Buxarestdə keçirilən zirvə görüşündə NATO-ya dəvət edilən Albaniya və Xorvatiya 2009-cu il aprelin 1-də rəsmi olaraq Alyansa üzv olublar. 2017-ci ildə Monteneqro rəsmi olaraq Alyansın 29-cu üzvü oldu. 2020-ci ildə isə Afina ilə Skopye arasında tarixi razılaşma əldə edildikdən və adla bağlı mübahisə həll edildikdən sonra Şimali Makedoniya Alyansın 30-cu üzvü oldu. Finlandiya və İsveçin də Alyansa qoşulması ilə üzvlərin sayı 32-yə qalxdı.
Qeyd edək ki, bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir.
Günay