Qərbin sanksiyaları nəticə verməyə başladı: Rusiya tərəfdaşları olan Hindistan və Çini də İTİRİR? 

Qərbin sanksiyaları nəticə verməyə başladı: Rusiya tərəfdaşları olan Hindistan və Çini də İTİRİR? 

"Rusiya şirkətlərinin xam neft və yanacaq ödənişlərində bir neçə aylıq gecikmələrlə üzləşməsi Kremli ciddi narahat etməyə başlayıb". 

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

 

O bildirib ki, buna səbəb Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri banklarının ABŞ-nin ikinci dərəcəli sanksiyalarından ehtiyat etməsi olub. Belə ki, banklar Rusiyaya pul köçürmək istəyən müştəriləri diqqətlə yoxlayır, onların ABŞ-nin sanksiya siyahılarında olub-olmadığını araşdırırlar. Bu isə Rusiyanın valyuta ehtiyatının tükənməsinə səbəb ola bilər. 

 


Politoloq qeyd edib ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov problemi etiraf edib:

 

“Peskovun sözlərinə görə, ABŞ və Avropa İttifaqının pul köçürmələri ilə bağlı Çinə təzyiqi artıb. Maraqlıdır, Çin Rusiya ilə strateji tərəfdaşlığını gücləndirməsinə baxmayaraq, Pekin bu ölkəyə pul köçürmələrində Vaşinqtonun və Brüsselin qərarları ilə hesablaşır”. 

 

E.Şahinoğlunun sözlərinə görə, Rusiya pul köçürmələri ilə bağlı üzləşdiyi çətinliklə yanaşı neft satışında da problemlərlə üzləşib:

 

“Hindistan Rusiyadan neft alışını xeyli azaldıb. Dehli Hindistanın neft emalı zavodlarının qərarlarına qarışmır. Hindistanın neft emalı zavodları neftin hansı ölkələrdən alınması məsələsində sərbəstdirlər. Görünür, Hindistanın neft emalı zavodları da Qərb ölkələrinin Rusiyaya qarşı həyata keçirdiyi sanksiyalarla hesablaşır. Rusiya öz neftini ucuz satmağa çalışsa da, Hindistan ərəb ölkələrindən neft alışının həcmini artırıb”. 

 

Siyasi şərhçi sonda vurğulayıb ki, Kremlin Ukraynaya qarşı işğalçı müharibəsi Rusiya iqtisadiyyatına ciddi problemlər yaradıb:

 

“Qərb ölkələri Ukrayna müharibəsinə görə, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladıqdan sonra Kreml Asiya bazarlarına üz tutdu. Asiya ölkələri Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmasalar da, Vaşinqton və Brüsselin sərt qərarları ilə hesablaşmaq məcburiyyətində qalıblar. Çünki Çin və Hindistan Rusiyadan yanacaq və xammal məhsulları alsalar da, bu iki dövlətin əsas iqtisadi tərəfdaşları Qərbdədir”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR