Yaxın Şərqdə artan GƏRGİNLİK: “Tehran bu yolla hücuma hazırlaşır”

“İsrailin Suriyada İran konsulluğunun yanındakı iqamətgahı vurması Yaxın Şərqdə gərginliyi artıracaq”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, Tehran buna cavab planlaşdırır:
“İranın İsrailə birbaşa əli çatmadığına görə bölgədəki təsiri altındakı silahlı qruplar vasitəsilə zərbələr həyata keçirməyə çalışacaq. Digər tərəfdən, İrandakı millət vəkillərindən biri Cəlal Rəşidi Kuç İsraildən intiqam alınması vacibliyindən danışarkən absurd və təxribatçı təklif irəli sürüb.
“İsrailin Azərbaycandakı səfirliyinə hücum təşkil etmək lazımdır. Təklifim odur ki, sionistlərin region ölkələrinin diplomatik mərkəzlərindən biri, daha yaxşısı Azərbaycandakı diplomatik nümayəndəliyi açıq və birbaşa hədəfə alınsın”, - o bildirib.
Millət vəkilinin bu cümləsindəki “daha yaxşısı” söz birləşməsi atmacadır, yəni yenə də İsraillə Azərbaycan arasındakı tərəfdaşlığa işarə edirlər. Azərbaycanın İrandakı səfirliyinə terror hücumu azmış kimi, indi də İsrailin Azərbaycandakı səfirliyinə terror həyata keçirməyə çağırış edirlər”.
Ekspert bildirib ki, buna ciddi yanaşmaq lazımdır:
“İranı idarə edənlər bu cür təxribatçı çağırışlara sakit yanaşırlarsa, demək elə özləri də həmin deputat kimi düşünürlər. Bütün hallarda Azərbaycanda təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac var”.
Günay