\"Paşinyanın bu addımları müharibə riskini artırıb\" - AÇIQLAMA

Hər bir regionun inkişafı və əhalinin dinc yaşaması üçün davamlı sabitlik zəruridir. Yetərincə həssas bölgə olan Cənubi Qafqazda bu gün sülhün bərqərar olması region ölkələrinin hər biri üçün əhəmiyyətlidir.
Sfera.az xəbər verir ki, bu barədə fikirləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib.
“Müşahidələr göstərir ki, aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında keçiriləcək görüş sülh prosesinə təkan vermək əvəzinə, əngəllər yaradacaq. Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının davam etdiyi hazırkı məqamda belə görüşlər baş nazir N.Paşinyanın müqavimətini gücləndirmək məqsədi daşıyır. Ehtimal olunur ki, Qərbin və ABŞ-nin Ermənistan vasitəsilə Rusiya ilə əlaqədar planları var. Böyük oyunçuların böyük oyunlarında iştirak etmək Ermənistana və ümumilikdə regiona təhlükələr vəd edir”.
Əkrəm Bayəmirli qeyd edib ki, situativ siyasət həyata keçirən, illüziyalara qapılan baş nazir N.Paşinyan öz ölkəsini alətə çevirib.
“Bu da Cənubi Qafqazda uzunmüddətli sabitliyə xidmət etmir. Reallıq onu göstərir ki, silahlanma və Paşinyanın belə davranışları əksinə müharibə riskini xeyli artırıb. Artıq dəfələrlə sübut olunub ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında vasitəçiyə ehtiyac yoxdur. Görünür, Qərbin təhriki ilə Paşınyan görüşləri Avropa paytaxtlarında davam etdirməklə, sülh danışıqlarını uzatmaqla özünə təhlükəsizlik çətiri yaratmaq istəyir. Bütün bu proseslər onu deməyə əsas verir ki, Rusiyanın qəzəbinə düçar olan zavallı Paşinyan baş nazir kreslosundan məhrum olacaq”.
Ülkər Abdurahmanlı