Ermənistan-Aİ-ABŞ görüşünün DETALLARI: \"İmzalanacaq sənədin əsas məqsədi...\"

Ermənistan-Aİ-ABŞ görüşünün DETALLARI: \

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 5-də ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə Brüsseldə görüş keçirəcək. Burada hərbi paktın müzakirə ediləcəyi barədə rəsmi məlumatlar var. Eyni zamanda, sözügedən görüşlə bağlı müxtəlif versiyalar da irəli sürülür. Qeyd olunur ki, bu görüşün əsas məqsədi Rusiyaya qarşı cəbhə açmaqdır.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Brüsseldə baş tutacaq görüş təsadüfi xarakter daşımır.

 

“Bunu sıradan bir görüş kimi qəbul etmək olmaz. Təbii ki, bunun arxasında böyük səbəb dayanır. Düzdür, hər nə qədər ABŞ bu görüşün üçüncü tərəflərə qarşı olmadığını desə də, bilirik ki, baş verəcək bu görüş və imzalanacaq 18 maddədən ibarət paktın səbəbi kiçik miqyasda Azərbaycan olsa da, böyük miqyasda bu, Rusiyaya qarşıdır. Nəzərə almaq lazımdır ki, Ermənistanın indiki vəziyyətdə silahlandırılması onun sülhdən uzaqlaşmasına gətirib çıxara bilər. Yəni, hərbi paktın imzalanması bir növ İrəvanı silahlandırmağı və yaxud dolayısıyla NATO-ya daxil olan dövlətlərin ordularının Ermənistan ərazisində yerləşdirilməsini hədəfləyə bilər”.

 

Müsahibimiz xatırladıb ki, son bir neçə gündür ki, Ermənistan Azərbaycanla sərhədə sürətlə qoşun yığır:

 

“Faktiki olaraq, Ermənistanın müharibə vəziyyətində olduğu dövlət Azərbaycandır. Bu müqavilənin imzalanması qarşımızda duran sülh danışıqları prosesini pozacaq. Düşünürəm ki, sözügedən görüş Rusiyanı sıxışdırmağı hədəfləyir, amma biz özümüz müharibə vəziyyətindəyik. Ona görə də bu məsələnin bizə deyil, Moskvaya qarşı yönəldiyini də deyə bilmərik. Təbii ki, Qərb Ermənistan üzərindən Rusiyanı bölgədə sıxışdırmağa çalışır. Biz bunu həm Zaxarova, həm də Lavrovun açıqlamalarında hiss etdik. Rusiya bu məsələ ilə bağlı ciddi narahatlıq da keçirir. Fikrimcə, görüş olandan sonra artıq Ermənistanı silahlandırma və başqa məsələlər daha çox qabaracaq. Yəqin ki, Avropa İttifaqı və ABŞ Rusiyanın Ermənistanda təsir dairəsinin güclü olduğu sahələri ələ almağa cəhd edəcək. Həmçinin onlar, İrəvanın həm maliyyə, həm iqtisadiyyat, həm də ordu baxımından Moskvanın təsiri altında qalmasına imkan vermək niyyətində olmayacaqlar. Bu da cəbhə olaraq dəyərləndirilə bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR