Vaşinqton və Təl-Əviv arasındakı müqavilənin TƏFƏRRÜATI: \"Biz bundan narahatıq\"

Vaşinqton və Təl-Əviv administrasiyası arasında gizli kəşfiyyat müqaviləsi imzalanıb.
Sfera.az bildirir ki, bu barədə “The Wall Street Journal” iddia yayıb. Bildirilib ki, ABŞ kəşfiyyat xidmətləri hər həftə “Qəzza böhranının potensial yanlış hərəkətlərinin xülasəsi” adlı hesabat hazırlayır.
Qeyd olunub ki, razılaşmaya əsasən, ABŞ kəşfiyyat xidmətləri İsrailə, əsasən, HƏMAS liderlərinin yerlərinin müəyyən edilməsi, girovların tapılması və İsrail sərhədlərinə nəzarət məqsədi daşıyan məlumatlar verib. Nəşr həmçinin bildirib ki, Birləşmiş Ştatlar İsrailin təhlükəsizlik agentlikləri ilə xam kəşfiyyat məlumatları da paylaşır.
“Lakin razılaşmaya nəzarətin olmaması ABŞ Konqresində diskomfort yaradıb. Belə ki, ABŞ Konqresinin bir çox üzvləri oktyabrın 7-dən sonra Vaşinqton və Təl-Əviv arasında imzalanan memorandumun İsrailin Qəzzada mülki əhalinin ölümünə və mülki infrastruktura ziyan vurmasına səbəb olan hücumlarını istiqamətləndirə biləcəyindən narahatdır”, - “The Wall Street Journal” vurğulayıb.
Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü Demokrat Ceyson Krou nəşrə açıqlamasında bunları deyib:
“Kəşfiyyat məlumatlarının paylaşılması ABŞ dəyərlərinə və milli təhlükəsizlik maraqlarına uyğun gəlmir. Biz bundan narahatıq. Həmçinin, İsrail və HƏMAS-ın mülki itkilərlə bağlı paylaşdığı rəqəmlərdə böyük uyğunsuzluqlar da var”.
Qeyd edək ki, İsrail və HƏMAS arasında atəşkəs danışıqları Qahirədə davam edəcək. İsrail rəsmiləri Qahirədə keçiriləcək danışıqlara yerli kəşfiyyat xidməti Şin Bet və Mossad rəsmilərinin qatılacağını açıqlayıb. HƏMAS İsrailin münasibəti ilə bağlı Qahirədəki vasitəçilərdən xəbər gözləyəcəklərini bildirib. Əvvəlki danışıqlar isə İsrail nümayəndə heyətinin geri çəkilməsi ilə başa çatıb. Buna səbəb HƏMAS-ın İsrail qoşunlarının bütün Qəzza zolağından çıxarılması tələbi olub.
Günay