CHP 47 il sonra birinci partiya adını qazandı: İmamoğlu və Yavaş prezidentliyə doğru addımlayırlar? 

CHP 47 il sonra birinci partiya adını qazandı: İmamoğlu və Yavaş prezidentliyə doğru addımlayırlar? 

Türkiyədə 2024-cü ilin martın 31-də yerli özünüidarəetmə orqanlarına (bələdiyyə) keçirilən seçkilərdə uzun fasilədən sonra müxalifət qələbə qazanıb. 


Sfera.az xəbər verir ki, seçkilərin ilkin nəticələrinə görə, ana müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyası (CHP) daha çox ildə (əyalət) uğur əldə edib. 


Türkiyədə 80 il var. Seçkinin nəticələrinə görə, bunların 35-də CHP, 24-də Ədalət və İnkişaf Partiyası (AKP), 10-da Xalqların Bərabərliyi və Demokratiya Partiyası (DEM), 8-də Milliyətçi Hərəkat Partiyası (MHP), 2-də Yenidən Rifah Partiyası (YRP), 1-də İYİ Partiyası qələbə qazanıb. 


Ümumilikdə səs verənlərin 37,7 faizi CHP-yə, 35,5 faizi AKP-yə, 6,2 faizi YRP-yə, 5,7 faizi DEM-ə, 5 faizi MHP-yə səs verib. 


Böyük şəhərlərdə də CHP hakimiyyətini genişləndirib. Böyük şəhərlərin 14-də CHP, 12-də AKP, 3-də DEM, 1-də YRP uğur əldə edib. 


İlk dəfə olaraq bəzi böyük şəhər və əyalət bələdiyyələrində CHP qələbə qazanıb. Bunlar arasında xüsusən Bursadakı sədr dəyişikliyi diqqəti cəlb edib. Türkiyənin 4-cü ən böyük şəhəri olan Bursa 43 illik faisilədən sonra CHP-nin əlinə keçib. 


Bundan başqa Manisa ilində bələdiyyə sədrliyini 1946-cı ildən bəri ilk dəfə olaraq CHP-nin namizədi qazanıb. 


Müxalifət partiyasının İstanbul və Ankarada əldə etdiyi nəticə isə hamını təəccübləndirib. İstanbulda CHP-nin namizədi Əkrəm İmamoğlu AKP-nin namizədi Murad Kurumdan 11,5 faiz bəndi çox səs toplayıb. Səs verənlərin 39,59 faizi Kurumu dəstəklədiyi halda, seçicilərin 51,09  faizi İmamoğluya səs verib. 


Ankarada CHP daha böyük fərqlə qələbə əldə edib. Partiyanın namizədi Mansur Yavaş 60,35 faiz, AKP-nin namizədi Turqut Altınok isə 31,69 faiz səs alıb. Aradakı fərq 28,66 faiz bəndi olub. 


İstanbul və Ankarada ən mühüm dəyişiklik isə məclisdəki üstünlüyün muxalifətə keçməsidir. İstanbul məclisinə seçkilərdə CHP 45,6 faiz, AKP 38,2 faiz səs alıb. Ankarada CHP 49,3 faiz, AKP 28 faiz səsə sahib olub. 


Məclisdə də çoxluğun müxalifətə keçməsi bələdiyyəyə rəhbərlikdə tam səlahiyyətin müxəlifətə keçməsində imkan verəcək. Bu, önəmli dəyişiklikdir. Dəyişiklik İmamoğlunun daha böyük iddialarla çıxış etməsinə də şərait yaradacaq.


Türkiyəli siyasi şərhçilərin fikrincə, İmamoğlu əldə etdiyi uğurlara və bələdiyyə məclisindəki üstünlüyə arxalanaraq asanlıqla böyük siyasətə qoşula biləcək. Ehtimal edilir ki, bu nəticələrdən sonra o, CHP sədrliyinə iddia edəcək. Bələdiyyə məclisində çoxluq CHP-də olduğundan İmamoğlu CHP sədri seçiləcəyi təqdirdə İstanbulun bələdiyyə sədri başqa bir CHP-liyə keçəcək. 


Beləliklə, CHP 47 il sonra ilk dəfə olaraq bələdiyyə seçkilərində birinci partiya adını qazanıb. Yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin nəticələri onu göstərir ki, Türkiyənin siyasi həyatında rəqabət bir qədər də güclənəcək. Şərhlərə görə, hətta bu vəziyyətdə ölkədə prezident və parlamentə növbədənkənar seçkilərin keçirilməsi ehtimalı da var.


Vasif


OXŞAR XƏBƏRLƏR