Ermənistanın sərhədə qoşun yığması nə ilə nəticələnəcək? - "Paşinyan bunu etməklə..." + AÇIQLAMA

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
Maraqlıdır, Ermənistan niyə sərhədə qoşun yığır?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, vəziyyətin gərginləşəcəyi gözlənilən idi. Müsahibimizin sözlərinə görə, son vaxtlar Qərb, o cümlədən ABŞ və Avropa İttifaqının Ermənistana təsirləri artıb:
“Ermənistanın sərhədə qoşun yığması və durumu bilərəkdən gərginləşdirməsi ilə bağlı ehtimal olunan üç əsas versiya var. Bunlardan birincisi odur ki, İrəvan üçüncü güclərin təsiri altındadır, havadarlarının iradəsi ilə addım atır. Regionda qalmaq istəyən güclər sülh prosesinin yaxınlaşmaqda olduğunu görüb bütün imkanları ilə buna mane olmaq istəyirlər. İkincisi, mümkündür ki, daxildəki revanşistlər yenidən ayağa qalxıblar və sülh quruculuğu prosesinə zərbə vurmaq istəyirlər. Əgər belədirsə, Rusiyanın da bu və ya digər formada daxildəki müxalif güclərə dəstək verməsi mümkündür. Ola bilsin, rəsmi Moskva bu yolla perspektivdə rəsmi İrəvanı cəzalandırmaq istəyir. Çünki son vaxtlar Rusiya ilə Ermənistan arasında gərginlik artır”.
Ekspert bildirib ki, üçüncü versiya Paşinyanın bunu bilərəkdən etməsi ilə bağlıdır:
“Sülh prosesi üçün zəruri olan bir neçə məqam var. Bunlar sırasında işğal altındakı 8 kəndin Azərbaycana qaytarılması, həmçinin Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən mövcud konstitusiyasının dəyişdirilməsi əsas tələblərdəndir. Ola bilsin, Paşinyan hakimiyyəti anlayır ki, bunlar birdən - birə olarsa, daxildə mövcud iqtidara qarşı narazılıq artar. Bu baxımdan o, bilərəkdən gərginlik yaratmaq və itkilər verməklə göstərmək istəyir ki, Ermənistanın Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa yolu yoxdur. Belə davam edərsə, sabotaj cəhdləri olarsa, yaxın vaxtda yeni əməliyyatların başlanması istisna deyil”.
Günay