Sabah Türkiyə xalqı bələdiyyə sədrlərini seçəcək - AKP-CHP duelində kimin üzü güləcək?

Sabah Türkiyə xalqı bələdiyyə sədrlərini seçəcək - AKP-CHP duelində kimin üzü güləcək?

Sabah Türkiyədə növbəti bələdiyyə seçkiləri keçiriləcək. 

Sfera.az xəbər verir ki, 34 siyasi partiyanın yarışacağı seçkidə 81 ilin (əyalət), 973 ilçənin (rayon), 390 beldenin (mahal) bələdiyyə başçıları, 50 min 336 muxtar, il məclis üzvləri və bələdiyyə məclisi üzvləri seçiləcək. 


Türkiyədə ən çox diqqət böyük şəhər bələdiyyə sədrlərinin seçilməsinə yönəlib. Böyükşəhər bələdiyyələrinin sayı 30-dur və bunlar arasında 3 bələdiyyə daha böyük önəm kəsb edir. Bunlar İstanbul, Ankara və İzmir böyükşəhər bələdiyyələridir. Bu 3 bələdiyyədə Türkiyə əhalisinin təxminən 30 faizi yaşayır və burada qələbə qazanmaq, yaxud ən azından səsləri artırmaq çox önəmlidir. 


Hazırda böyük şəhər bələdiyyələrin 15-nin sədri Ədalət və İnkişaf Partiyasının (AKP), 11-i Cumhuriyyət Xalq Partiyasının, 1-i Milliyyətçi Xalq Partiyasının (MHP) üzvüdür. Daha 3 böyük şəhər bələdiyyə sədri isə hökumətin təyin etdiyi qəyyumlardır. Bu bələdiyyələrin sədri vəzifəsinə Xalqların Demokratik Partiyasının (HDP) namizədləri seçilmişdi. Amma onlar terror təşkilatları ilə əlaqəsi müəyyən edildiyindən vəzifələrindən uzaqlaşdırılıblar. 
Türkiyə siyasi ictimaiyyətinin əsas diqqəti İstanbul və Ankara bələdiyyə sədrliyi uğrunda gedən mübarizəyə yönəlib. İzmirdə CHP namizədinin qələbə qazanacağı heç kimdə şübhə doğurmur. 


Keçirilən sorğulara əsasən, Ankarada CHP-nin namizədi, hazırki bələdiyyə sədri Mansur Yavaşın yenidən sədr seçilmə ehtimalı yüksəkdir. Çünki əksər anket sorğularında Yavaş rəqibindən xeyli çox səs toplayır. 


İstanbulda isə vəziyyət bir qədər fərqlidir. Türkiyənin ən böyük şəhərində mövcud bələdiyyə sədri, CHP-nin namizədi Əkrəm İmamoğlu ilə AKP-nin namizədi, keçmiş nazir Murat Kurum arasında gərgin rəqabət müşahidə edilir. Soğrular hər iki namizədin qələbə qazanmaq imkanının təxminən eyni olduğunu göstərir. Amma son anketlər İmamoğlunun seçicilərin daha çox hissəsinin səsini alması ehtimalının yüksək olduğunu üzə çıxarıb. Anketlər göstərir ki, Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM) və İYİ Partiyasının tərəfdarlarının önəmli hissəsi də İmamoğluya səs verəcək. Bu vəziyyətdə İmamoğlunun qələbə qazanma şansı yüksək qiymətləndirilir. 


Qeyd edək ki, Türkiyədə növbəti seçkilər 2028-ci ildə olacaq və ölkə əhalisi dörd il siyasi həyatdan uzaqlaşacaq. Buna görə də ekspertlər bu seçkinin həm iqtidar, həm də müxalifət üçün böyük önəm kəsb etdiyini bildirirlər. 


Bu baxımdan İstanbul seçkiləri daha əhəmiyyətlidir. Analitiklər deyir ki, əgər bu seçkidə İstanbulun bələdiyyə sədri yenidən İmamoğlu seçilərsə və bələdiyyə məclisində müxalifət çoxluğu təşkil edərsə, o halda qısa müddət sonra İmamoğlu CHP-nin sədri vəzifəsinə iddia edəcək və o, 2028-ci il prezident seçkilərinin ən güclü namizədi olacaq. 


Əks halda, yəni İstanbulu AKP namizədinin qazanacağı təqdirdə iqtidar uzun müddət dəyişməyəcək. 

Beləliklə, bu seçkilərdə həm də seçicinin nəbzi yoxlanılacaq. Seçkilərin nəticələri Türkiyədə növbəti seçkilərin 2028-ci ildə yox, daha tez keçirilməsinə də səbəb ola bilər.


Vasif
 


OXŞAR XƏBƏRLƏR