Rusiya səfirinin Azərbaycan-Ermənistan şərti sərhədi ilə bağlı açıqlaması nəyə xidmət edir? - ŞƏRH

Xəbər veriyimiz kimi, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib ki, 2020-ci ildə Ermənistan-Azərbaycan sərhədinə Rusiya sərhədçilərinin yerləşdirilməsi Ermənistanın Baş naziri Nikol Paşinyanın şəxsi xahişi ilə baş tutub. Eyni zamanda, Ermənistan heç vaxt Rusiya sərhəd qoşunlarının yerləşdirilməsini legitimləşdirmək üçün hərəkətə keçməyib.
Bəs bu ani açıqlamanın arxasında dayanan səbəb nədir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, 5 aprel tarixi yaxınlaşdıqca Kremlin Ermənistanın Baş naziri Nikol Paşinyana təzyiqi artır. Onun sözlərinə görə, Moskvada hesab edirlər ki, ABŞ və Avropa İttifaqı rəsmiləri 5 aprel tarixində Brüsseldə Paşinyanla görüşərək Ermənistana təhlükəsizlik təminatı verəcəklər. Bu isə Rusiyanın Ermənistanda sıxışdırılmasının rəsmi elanı olacaq.
“Səfir Paşinyana demək istəyib ki, Ermənistan sərhədini Azərbaycanın həmləsindən Rusiya qoruyub. Kreml isə Ermənistandakı səfirini ona görə danışdırıb ki, Nikol Paşinyan 5 apreldə Brüsselə gedərkən Rusiyanın Ermənistan üçün etdiklərini və edə biləcəklərini unutmasın”.
Firuzə Əliyeva