“Bu görüş yeni müharibənin başlaması deməkdir” - Ekspertdən AÇIQLAMA

"Aprelin 5-də keçiriləcək ABŞ-Avropa İttifaqı-Ermənistan görüşü faktiki hərbi ittifaqın yaradılmasına, erməni revanşizminin güclənməsinə və mövcud olan sabitliyin, sülhün əleyhinə yönəlib. ABŞ və Aİ Azərbaycana qarşı olan mənfur məqsədlərini Ermənistanın vasitəsilə həyata keçirməyə çalışır".
Sfera.az xəbər verir ki, bu barədə fikirləri hərbi ekspert Ədalət Verdiyev bildirib. Onun sözlərinə görə, bu ittifaqın yaradılması Cənubi Qafqazda yenidən münaqişənin alovlanmasına, ikinci bir Ukrayna cəbhəsinin yaranmasına gətirib çıxara bilər:
“44 günlük müharibədən sonra Qərb Qarabağda “Kosovo variantı” hazırlamaqla Azərbaycana qarşı təzyiq kampaniyası aparmağa çalışıb. Bu məqsədlər üçün Azərbaycanda qanunsuz maliyyələşmə ilə informasiya resursları yaradıb və onları gücləndirib. Avropalı siyasətçilər Qarabağa qanunsuz səfərlər edərək Azərbaycan ərazilərində Azərbaycana qarşı bəyanatlar səsləndiriblər. Bütün bu fəaliyyətlər nəticəsiz olduğu üçün indi Qərb açıq şəkildə Ermənistanla hərbi ittifaq yaratmağa başlayıb. Ermənistan yarandığı gündən bu günə kimi qlobal güclərin əlində bir vasitə olub. ABŞ tərəfindən işğalçının dəstəklənməsi prosesi yeni hal deyil, bu proses 1992-ci ildə “907-ci düzəliş” ilə başlayıb və bu gün də davam edir. Həmin dövrdə Rusiya hakimiyyəti Ermənistana 1 milyard dollarlıq silah-sursat verirdi və ABŞ də Azərbaycana yardımı məhdudlaşdırırdı. Fransa da həmişə olduğu kimi Ermənistanı aşkar şəkildə dəstəkləyib. İndi Rusiya Ermənistanın "hansı yuvanın quşu olduğunu" anlayıb. Lakin ABŞ və Fransa Azərbaycana, İrana, Rusiyaya və Türkiyəyə qarşı fəaliyyətlərində Ermənistandan aktiv istifadə etmək üçün İrəvan ilə hərbi ittifaq yaradır”.
Ekspert qeyd edib ki, ABŞ və Qərbin Yaxın Şərqə, Əfqanıstana, Gürcüstana və Ukraynaya müdaxilələrinin nəticəsi bu gün hamıya yaxşı məlumdur.
“Ermənistanın Qərblə hərbi sahədə əməkdaşlığı, regiona kənar qüvvələrin öz maraqları çərçivəsində müdaxiləsinə birbaşa yol açır. Bu əməkdaşlıq əvvəlcə Azərbaycana, sonra isə Rusiya, İran və Türkiyəyə qarşı yönələcək. Odur ki, adı çəkilən ölkələr səylərini birləşdirib Ermənistanın ABŞ və Avropa İttifaqı ilə hərbi ittifaq yaratmasının qarşısını almalıdır. Əks halda regionda böyük təlatümlər, yeni müharibələr qaçılmaz olacaq”.
Ülkər Abdurahmanlı