ABŞ-dən Ukraynaya QADAĞA: “Rusiyanın enerji infrastrukturuna hücumları dayandırın”

“ABŞ Ukraynadan Rusiyanın enerji infrastrukturuna hücumları dayandırmağı tələb edib. Çünki bu hücumlar neftin qiymətinin artmasına və bunun nəticəsində ABŞ-nin daxili bazasında benzinin bahalaşmasına səbəb olur. Bu isə öz növbəsində seçki ərəfəsində Baydenin reytinqinə mənfi təsir göstərir”.
Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı politoloq Şahin Cəfərli "The Financial Times"da dərc edilən məqaləyə istinadən paylaşıb.
Politoloqun fikrincə, ölüm-qalım mübarizəsi aparan bir ölkədən bunu tələb etmək qeyri-əxlaqi və qeyri-vicdani mövqedir. Onun sözlərinə görə ABŞ hökuməti davamlı olaraq müharibə ilə bağlı Ukraynaya qadağalar qoyur və bu qadağalar Ukraynanın gücünü zəiflədir: “Müharibənin əvvəlindən Bayden hökuməti müxtəlif əngəllər və qadağalar qoymaqla Ukraynanı təkəlli boksa məcbur edir. ABŞ Ukraynanın Xerson qələbəsindən sonra isə bu ölkəyə silah verməyi müvəqqəti dayandıraraq Rusiyanın işğal etdiyi ərazilərdə möhkəmlənməsinə və səfərbərlik keçirib, yeni ordu qurmasına fürsət yaratdı. Əgər Rusiya 2 il əvvəl 200 minlik ordu ilə Ukraynaya hücum etmişdisə, hazırda Ukraynadakı işğal qruplaşmasının say tərkibi 600 min nəfərdən ibarətdir”.
Ş.Cəfərli hesab edir ki, ABŞ-nin bu şəkildə davranışı Rusiyanı daha da cəsarətləndirir. Onun qənaətincə, bu səhər Rusiyanın Ukraynaya qarşı böyük raket hücumu həyata keçirməsi də bunun təzahürüdür: “Vurulan obyektlər arasında strateji əhəmiyyətli müəssisə - Dnepr Hidroelektrik Stansiyası da var. Milli təhlükəsizlik müşaviri Ceykob Sallivan kimi vizyonsuz və qorxaq tiplərin müəyyənləşdirdiyi hazırkı siyasət davam edərsə, ABŞ öz qlobal rolunu itirərək "regionun lider dövləti" səviyyəsinə enəcək. Təsadüfi deyil ki, hazırda öz müttəfiqləri arasında ABŞ-yə güvən sürətlə deqradasiyaya uğrayır”.
Vasif