16 aylıq qızını evdə qoyub tətilə gedən anaya ÖMÜRLÜK CƏZA VERİLDİ

ABŞ-də 16 aylıq körpəsini evdə qoyub tətilə gedən ana ömürlük həbs cəzasına məhkum edilib.
Sfera.az bildirir ki, hadisə ötən il Ohayo ştatında baş verib. Belə ki, tətilə gedən və 16 aylıq qızı Ceylini evdə tək qoyan 32 yaşlı Kristel Kandelario hakim qarşısına çıxıb. Körpəni ac və susuz qoyaraq ölümünə səbəb olan Kandelario, ağır cinayət və uşağın həyatını təhlükəyə atdığı üçün ömürlük həbs cəzasına məhkum olunub.
Hakim Brendan Şihan sözügedən davada bunları deyib: “Necə ki, Ceylini evə həbs etdin, sən də ömrünün qalan hissəsini azadlığı olmayan bir kamerada keçirməlisən. Amma yeganə fərq odur ki, bu həbsxana sənə uşağa vermədiyin yemək və suyu verəcək”. Depressiya kimi psixoloji problemləri olduğu bildirilən Kandelario hər gün bağışlanmaq üçün dua etdiyini bildirib. Körpəsinin ölümünə görə çox əziyyət çəkdiyini ifadə edən qadın, "Baş verənlərə görə çox üzgünəm. Etdiklərimə haqq qazandırmağa çalışmıram, amma nə qədər ağrı çəkdiyimi, nələr yaşadığımı heç kim bilmir”, - söyləyib.
Xatırladaq ki, Kristel Kandelario 6 iyun 2023-cü ildə qızı Ceylini Ohayo ştatının Klivlend şəhərindəki evdə tək qoyaraq Detroit və Puerto Rikoya tətilə gedib. 10 gün sonra evə qayıdanda qızının nəfəs almadığını görüb və təcili yardım çağırıb. Evə gələn səhiyyə işçiləri körpənin öldüyünü bildiriblər. Uşağın ən azı 7 kilo arıqladığı, aclıq və susuzluqdan öldüyü müəyyən edilib.
Günay