İlaxır çərşənbə haqqında nə bilirik? - Qapı pusurlar, eşidilən iki kəlmə...
Bu gün Azərbaycanda Novruz çərşənbələrinin sonuncusu - Torpaq çərşənbəsi qeyd olunur.
Sfera.az bildirir ki, xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" kimi də adlandırılan bu çərşənbə günü evlərdə bayram süfrələri açılır, cürbəcür yeməklər, əsasən, aş, şirniyyatlar: paxlava, şəkərbura, şorqoğal hazırlanır. Xonçanın ortasında səməni qoyulur, hər ailə üzvünün adına şam yandırılır, yumurtalar boyanır, süfrədə yeddi növ nemət olur.
İlaxır çərşənbəsinin müxtəlif adət-ənənələri var.
Məsələn, ürəyində niyyət tutub qaş qaralandan sonra xəlvətcə qonum-qonşu qapısına gedirlər, gizlicə qapı pusurlar. İçəridən eşidilən iki kəlmə, niyyətin yerinə yetib-yetməyəcəyinə işarə verir. Buna görə axır çərşənbə günü evdə könülaçan söhbətlər edilir.
Bu gün həm də həyətlərdə tonqal qalanır, uşaqlar odun üstündən hoppanırlar. Tonqal üstündən atlanmaq köhnə ilin qada-balasını odda yandırmaq, yeni ilə qədəm qoymaq deməkdir. Deyilənə görə, tonqal heç vaxt su ilə söndürülməməlidir. O, özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Çərşənbə axşamı əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Susuzluğa görə gecə yuxuda su görünür: içməyə kimsə su verir. İnanclara görə, həmin su verən adam yuxu görənin qismətidir.
İlaxır çərşənbədə həm də cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, demək o yaşda da qız-gəlin köçəcək.
Xalq mövhumatına əsasən, son çəşənbə günündə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir.
Günay