Eynşteynin Atatürklə yolları necə kəsişmişdi?
Uydurma hekayə kimi səslənsə də, tamamilə real faktlardır.
Sfera.az bildirir ki, Türkiyə 1920-ci illərdən faşizmdən qaçanların sığınacağı olub.
Atatürkün qurduğu Türkiyə Cümhuriyyəti ümumilikdə Avropada faşizmdən, Almaniyada nasizmdən qaçanların sığınacağına çevrilmişdi.
Hətta Mussolini İtaliyada hakimiyyətə gəldikdən sonra (1922) belə Türkiyəyə gələn italyanlar da var.
Bu italyanlar sonrakı illərdə Almaniyanı tərk etmək məcburiyyətində qalanlar kimi məşhur elm adamları idi. Lakin Almaniyadan gələn təkcə bir neçə yüz görkəmli professor və ya rəssam deyildi. Gələn elita da təkcə Almaniyadan deyildi. Onların arasında Budapeşt, Praqa, Tirol, Paris və Vyanadan olanlar da olub. Bunlardan əlavə, İstanbul başda olmaqla, Türkiyənin hər yerinə minlərlə naməlum, sıravi və orta təbəqə ziyalılar yayılmışdı.
30 yanvar 1933-cü il isə dönüş nöqtəsi oldu.
1932-ci ilin payızında Almaniyada keçirilən ümumi seçkilərdə Adolf Hitlerin Nasional Sosialist Partiyası, yəni nasistlər qalib gəldi və Hitler 30 yanvar 1933-cü ildə baş nazir oldu.
Antisemitizm artmaqda davam edirdi.
Nasistlərin məqsədlərindən biri də Almaniyada ilk növbədə yəhudiləri məhv etmək idi. Həmin tarixdən bir neçə il əvvəl başlayan antisemitizm hərəkatları nasistlərin hakimiyyətə gəlməsindən sonra daha da artmış və bir çox yəhudi Almaniyanı tərk etmişdi. Getməyə hazırlaşan yəhudilər arasında bildiyiniz kimi, dünyanın aparıcı alimləri də var idi ki, bunlardan biri də Albert Eynşteyn olub.
Həmin vaxt Berlin Universitetində dərs deyən, lakin çox keçmədən artıq davam edə bilməyəcəyini anlayan Eynşteyn 1933-cü ilin yazında Almaniyanı tərk edərək Fransaya köçüb və Parisdəki “College de France”da dərs deməyə başlayır.
Bu arada nasist təhlükəsi altında olan yəhudilərin müdafiəsi üçün “Yəhudi Əhali Mühafizə Qrupları Birliyi” adlı (qısaldılmış “OSE”) bir qurum yaradıldı. Birliyin qərargahı Parisdə idi və Albert Eynşteyn fəxri prezident təyin edildi. Lakin Almaniyada hələ də xeyli sayda yəhudi alimləri qalmışdı. Eynşteyn onları xilas etmək üçün bir həll yolu tapdı.
1933-cü il sentyabrın 17-də Albert Eynşteyn Ankaraya məktub göndərir.
Albert Eynşteyn 17 sentyabr 1933-cü ildə “OSE-nin fəxri prezidenti” olaraq Ankaraya məktub göndərir. Eynşteyn “Türkiyə Cümhuriyyəti Nazirlər Kabinetinin Başçılığı”na, yəni Baş Nazirliyə ünvanladığı nəzakətli məktubunda Almaniyada bəzi qanunlar ucbatından bir çox alman elm adamının öz peşəsi ilə məşğul ola bilmədiyini qeyd edib.
“Mən sizin sadiq xidmətçinizəm” Prof. Albert Eynşteyn
Zati-aliləri, Almaniyadan olan 40 professor və doktorun Türkiyədə elmi və tibbi təhsillərini davam etdirmələrinə icazə verməyinizi Zati-alilərindən xahiş edirəm.
Sözügedən şəxslər Almaniyada qüvvədə olan qanunlara görə öz peşələri ilə məşğul ola bilməzlər. Əksəriyyəti böyük təcrübəyə, biliyə və elmi ləyaqətə malik olan bu insanlar yeni ölkədə yaşasalar, son dərəcə faydalı ola bilərlər. Zati-alilərindən ölkənizdə məskunlaşmaq və təhsillərini davam etdirmək üçün icazə verilməsini xahiş etdiyimiz bu 40 nəfər, təcrübəli ekspertlər və hörmətli akademiklər birliyimizə edilən çoxsaylı müraciətlər arasından seçilmişdir.
Bu alimlər hökumətinizin göstərişlərinə uyğun olaraq, heç bir təzminat gözləmədən sizin istənilən qurumda işləməyə hazırdırlar. Bu ərizəni dəstəkləyərək, ümid edirəm ki, hökumətiniz xahişi qəbul edərsə, onlar nəinki yüksək səviyyədə humanitar fəaliyyət göstərəcək, həm də ölkənizə fayda gətirəcək. Zati-alilərinin sadiq xidmətçisi olmaq şərəfinə Prof. Albert Eynşteyn”
Eynşteyn 17 sentyabr 1933-cü il tarixli məktubunu hazırda Türkiyədə Baş nazirliyə bağlı “Cümhuriyyət Arxivində” qorunur. Həmin vaxt İsmət İnönü baş nazirlikdə idi. İsmət İnönünün sənədin üzərindəki əl yazısındakı qeyddən də anlaşıldığı kimi, məktubu oktyabrın 9-da Milli Təhsil Nazirliyinə yönləndirib. O zaman Türkiyədə Milli Təhsil Naziri Rəşid Qalip bəy idi.
Albert Eynşteynin məktubunun altında və yan tərəfində üç bənddə yazılmış əlyazma qeydləri var. Rəşid Qalip bəyə aid olduğunu düşündüyüm və məşğul olduğu üçün çətinliklə oxunulan bu qeydlərdə təklifin ilk mərhələdə Nazirlik tərəfindən qəbul edilmədiyi görünür.
Bu zaman məhz Atatürk məsələyə qarışır və onlarla alim Türkiyəyə gəlir.
Bu mövzuda başqa bir dəlil 1949-cu ildə Prinston Universitetində Eynşteynlə görüşən İstanbul Texniki Universitetinin təqaüdçü professoru Prof. Dr. Münir Ülgür bu barədə “Cümhuriyyət” qəzetinin “Bilim Teknik” jurnalına açıqlama da verib.
Prof. Dr. Münir Ülgür:
“1948-ci ildə İTU tərəfindən General Electric-də təhsil almaq üçün ABŞ-a göndərildim. General Electric məni seçdi. Bu, çox çətin bir qəbul idi. Seçim üçün ABŞ-dan bir professor gəldi və məndən müsahibə götürərək qərarını verdi.
Mən ABŞ-da 2,5 il qaldım. Filadelfiyada işləyirdim və bilirdim ki, Eynşteyn də Prinston Universitetindədir. Eynşteynlə görüşmək istəyirdim, amma bunun olacağını düşünmürdüm.
1949-cu ildə bir gün onun universitetdəki katibinə zəng vurub görüş istədim. Gözlənilmədən cavab dərhal gəldi və Eynşteynin məni gözlədiyi bildirildi”-deyirdi.
"Eynşteyn niyə Türkiyəyə gəlmədi?" sualının cavabı da məhz bu müsahibədə ortaya çıxır.
“Həyat yoldaşım və o vaxt 2,5-3 yaşlı qızımla Eynşteynin universitetdəki ofisinə getdik. Bizi çox mehriban qarşıladı və böyük qayğı göstərdi. Kiçik qızımı dizi üstə oturtdu və onun üçün pianoda ifa etdi. Biz onun qeyri-adi dərəcədə təvazökar bir insan olduğunu gördük.
Bizi dərhal qəbul etməsinin səbəbi Atatürkün övladı olmağım idi. Söhbətlərimiz zamanı o, Atatürkü nəzərdə tutaraq “Bilirsənmi, dünyanın ən böyük lideri sizindir”-dedi.
O, Atatürkün 1933-cü il Universitet İslahatı zamanı onun Türkiyəyə gəlməsini istədiyini, “Dostlarım həmişə orda olub, amma burada imkanlar çox olduğu üçün buranı seçdim”-deyib.
“Türkiyə yəhudiləri faşist Almaniyasına qaytarmaz” İnönünün Hitlerə cavabı
Sözügedən illər ərzində Türkiyənin özü də Yuqoslaviya və Yunanıstanda onun sərhədlərini əzərək məskunlaşan nasist orduları tərəfindən qaçılmaz işğal təhlükəsi altında idi və nasistlər Türkiyədən yəhudilərə yardım bazası rolundan imtina etməyi tələb edirdilər. Nasistlərin işğalı altında olan Avropa və eyni zamanda Türkiyədən sığınacaq istəyən yəhudilərin həyatlarına son qoymaq üçün Almaniyaya göndərilməsi də daxil olmaqla müxtəlif tələblər irəli sürdülər, lakin Türkiyə hökuməti bu xahişlərin heç birinə əhəmiyyət verməyərək, rədd cavabı verib.
Hətta Hitler öz imzası ilə İsmət İnönüyə göndərdiyi məktubda onların yerinə “daha yaxşı adamların göndəriləcəyini” əlavə edib. İnönünün yazılı cavabı isə lakonik olub:
“Bizdə olan yaxşılarla kifayətlənəcəyik”.
Xanım
Sfera.az