ABŞ rəhbərliyi Haiti miqrantlarını Quantanamoda yerləşdirəcək

ABŞ rəhbərliyi öz ölkələrindəki zorakılıqlardan qaçan Haiti miqrantlarını Quantanamoda yerləşən hərbi təsisata istiqamətləndirməyi planlaşdırır.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı "CNN" telekanalı bir ABŞ-li məmura istinadən yayımlayıb.
Haitidə 2021-ci ildə dövlət başçısı Jovenel Moisenin öldürülməsindən sonra daxili çəkişmələr başlayıb. Ölkədə bir neçə həftə əvvəl silahlı dəstələr qiyam edib və Baş nazir Ariel Henri istefa etmək məcburiyyətində qalıb. Toqquşmalar zamanı təxminən 4 min məhbus həbsdən qaçıb, 12 nəfər həyatını itirib.Haitidə həbsdən qaçan məhbusların tutulması üçün ölkədə bir aylıq fövqəladə vəziyyət elan edilib. Ölkədə baş verən zorakılıq hadisələri və silahlı toqquşmalar kütləvi miqrasiya dalğası narahatlıqlarını da artırıb.
Haiti ABŞ donanmasına məxsus hərbi təsisin yerləşdiyi Kuba ərazilərindəki Quantanamo körfəzinə 300 kilometr məsafədədir. Bölgədəki hərbi təsis 11 sentyabr hücumlarından sonra o dövrün ABŞ rəhbərliyi tərəfindən terror şübhəlilərinin saxlanılması üçün yaradılıb. Quantanamo həbsxanası ötən illər ərzində işgəncə və pis rəftarın simvollarından birinə çevrilib.Donanmaya aid bazada həbsxananın yanında Miqrant Əməliyyat Mərkəzi mövcuddur. Sahil mühafizə qüvvələrinin Karib dənizində tutduğu qaçaq miqrantlar hazırda bu mərkəzdə saxlanılır.Bayden administrasiyası Haitidən gələcək mümkün bir miqrasiya dalğasını bu mərkəzin tutumunu artıraraq qarşılamağı planlaşdırır.
Məlumata əsasən, Daxili Təhlükəsizlik Nazirliyi lazımi tədbirlər görmək üçün Haitidəki vəziyyəti yaxından izləyir. Nazirliyin mətbuat xidməti hazırda qeyri-qanuni miqrasiya axınının aşağı səviyyədə olduğunu və ABŞ-nin dənizdə tutulan miqrantları Baham adaları, Kuba və Dominikan Respublikasına göndərdiyini bildirib.Birləşmiş Millətlər Təşkilatı Haitidəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar bəzi personalının ölkədən ayrılacağını, böhran mütəxəssisləri və humanitar yardım personalının yerləşdiriləcəyini açıqlayıb. Yerləri dəyişdirilən personalın uzaqdan işləməyə davam edəcəyini söyləyən BMT-nin mətbuat katibi Stefan Düjarrik "hava körpüsü"nə dair işlər bitdikdən sonra sistemin operativ hala gətiriləcəyini bildirib.
Əzizə