\"Hər gün iftardan sonra ən azı...\" - Həkimdən oruc tutanlara tövsiyə

“Ramazan ayında xüsusi qidalanma çox önəmlidir. İmsak vaxtı ayrı, iftar vaxtı ayrı cür qidalar lazımdır."
Bəs orucluq zamanı hansı məqamlara diqqət etməliyik?
Mövzu ilə bağlı Sfera.az-a danışan həkim-dietoloq Leyla Zülfüqarlı bildirib ki, bəzi insanlar imsaka qalxa bilmir və qida qəbul etmədən oruca başlayırlar.
"Bu isə düzgün deyil. İmsaka 3-4 stəkan su qəbul etməklə başlamaq lazımdır. Ardınca susuzluğu təmin edəcək orta dərəcədə duzlu pendirlər yemək lazımdır. Pendirin tərkibində olan duz kristalları orqanizmdə olan suyu saxlamağa xidmət edir. Bəzən insanlar elə düşünür ki, xurma yalnız iftar yeməyinə aiddir. Amma belə deyil. Mütləqdir ki, imsakda da xurmadan istifadə olunsun. Çünki günlük şəkərə olan ehtiyacımızı xurmadan alırıq. Xurma yeganə meyvədir ki, təbii kofein və karbohidrat qaynağıdır. Bu baxımdan hər səhər imsakda 3-4 ədəd xurma qəbul etmək məsləhətdir. Həmçinin imsakda bir ovuc qoz yeməyi məsləhət görürəm. Ümumiyyətlə, badam, qoz və digər çərəzlərin tərkibində magnezium, dəmir maddələri var. Çalışmaq lazımdır ki, qara çaydan, qəhvədən az istifadə olunsun. Çünki bunlar bizi daha çox susada bilər. Buna görə adi su qəbul etmək daha yaxşıdır”.
Dietoloq qeyd edib ki, oruc tutan insanlar gün ərzində ac qaldıqları üçün əksəriyyəti iftar vaxtı həddindən artıq yemək qəbul edir və yeməkdən dərhal sonra çay içir.
“Bunlar da orqanizm üçün ziyanlıdır və mədənin böyüməsinə səbəb olur. Bu baxımdan Ramazan ayında, əsasən, bizi tox tutacaq qidaları qəbul etmək lazımdır. Məsələn, tam taxıllı, çovdar unundan ibarət çörək mütləq yeyilməlidir. Həmçinin tövsiyə olunur ki, iftarda daha çox bol tərəvəzli qidalar, süd, qatıq məhsullarından istifadə olunsun. Hər gün iftardan sonra ən azı bir stəkan qatıq mütləq qəbul olunmalıdır. İftar vaxtı qidalar hissə-hissə qəbul olunmalıdır. Belə ki, hər bir qida arasında bir saat interval olmalıdır. İlk olaraq su və sulu qidalara, daha sonra salatlara, sonda isə ət məhsullarından ibarət yeməklərə üstünlük verilməsi vacibdir. Ramazan ayında insanlarda mədə-bağırsaq problemləri, əsasən də qastrit və yaxud qəbizlik ortaya çıxır. Ramazan ayı sağlam qidalanmaya keçid üçün bir tramplin ayıdır”.
Ülkər Abdurahmanlı