Şahramanyan Azərbaycana ekstradisiya ediləcəkmi? – \"Separatçı fəaliyyətini davam etdirərsə...\"

Artıq Qarabağda mövcud olmayan qondama separatçı rejim Ermənistanda aktivləşməyə başlayıb. Keçmiş separatçı lider Samvel Şahramanyanın Fransanın, Rusiyanın, ABŞ-nin Ermənistandakı səfirləri ilə görüşdüyü məlum olub.
Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Cəbhə Partiyasının sədr müavini, hüquqşünas Vüqar Dadaşov bildirib.
“Özünü buraxan rejimin dirçəlməsi məzmunu ilə verilən xəbərlər əslində reallıqla uzlaşmır. Əvvəla, təkcə Samvel Şahramanyan separatçı rejim demək deyil. Keçmişdə Şahramanyanın tabeliyində olan vəzifəli şəxslər belə indi onu qəbul etmir və qeyri-ciddi hesab edirlər. Hətta keçmiş liderlər arasında düşmənçilik səviyyəsində açıq qarşıdurma var. Samvel Babayanla Şahramanyan arasındakı konflikt buna misaldır. Keçmiş qondarma separtçılarının bir araya gəlməsi və vahid komanda şəklində fəaliyyəti mümkünsüzdür. O ki qaldı keçmiş separatçıların dirçəlməsi məsələsinə, bunda Paşinyan hakimiyyətinin marağı ola bilməz. Separatçıların dirçəlməsi Ermənistandan qaynaqlanan daxili məsələ deyil. Fransa Qafqazda özünün mövcudluğunu təmin etmək üçün prosesin canlanmasında daha çox maraqlıdır. Ancaq nəzərə alsaq ki, Qarabağdakı keçmiş qondarma rejim ümumiyyətlə Rusiyaya bağlı qüvvə olduğundan, separatçıların fransızlarla dayanıqlı birliyi uzun sürə bilməz. İran separatçı rejimin dirçəlməsində maraqlı olsa da, onlara real təsir imkanları yoxdur”.
Hüquqşünas qeyd edib ki, separatçıların Rusiyaya inamı və etibarı isə çox aşağıdır.
“Separatçıların Rusiya ilə işbirliyi həm Paşinyan hakimiyyətinin, həm Qərbin, əsasən də Fransa və ABŞ-nin plan və siyasətinə uyğun deyil. Hazırki gərgin Ermənistan və Rusiya münasibətləri dövründə separatçıların Rusiya ilə məsafə saxlamaması onların özləri üçün çox təhlükəlidir. ABŞ-də prezident seçkiləri dövründə, Ukrayna - Rusiya müharibəsinin arzuolunmaz istiqamətdə inkişafı prosesində, ABŞ-nin özünü buraxan keçmiş separatçı rejimə marağı ciddi ola bilməz. Xüsusən, Azərbaycan və Türkiyə ilə münasibət, ABŞ-nin regionda maraqları üçün prioritetdir. Martın 8-də ABŞ dövlət katibi Blinkenin və Türkiyənin XİN başçısı Fidanın görüşündən sonra, "Cənubi Qafqaz məsələsində ABŞ və Türkiyə, Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə edilməsi üçün birgə işləmək öhdəliyi" bəyanatı ilə çıxış ediblər. Nəticə etibarı ilə maraqlı ölkələr separatçılarlardan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışsa da, daha doğrusu cəhd etsə də separatçılarla bağlı planların baş tutması qeyri-realdır. Əvvəla, separatçı rejimin heç bir potensialı yoxdur. Ən əsası isə Qarabağdan çıxan ermənilər bütünlüklə separtçılara inanmır və Qarabağ mövzusunun bağlandığını düşünür və anlayırlar. İnsan və vətəndaş kimi talelərini Ermənistanla bağlamaq istəmirlər. Qarabağdan köçən ermənilərin 20 faizə yaxını artıq Ermənistanı tərk edib. Odur ki, Samvel Şahramanyanın təhrik edildiyi "dirçəlmə" cəhdləri iflasa məhkumdur. Əgər o, anti-Azərbaycan və separatçı fəaliyyətini davam etdirərsə, Azərbaycan tərəfindən cinayət məsuliyyətinə cəlb oluna bilər və bu cinayət işi Azərbaycanın xeyrinədir. Ona görə ki, Samvel Şahramanyan Azərbaycan vətəndaşıdır və beynəlxalq hüquqa görə cinayəti Azərbaycanın suveren ərazisində törədib. Onun həbs edilərək Azərbaycana ekstradisiyası tam realdır. Yəqin ki, Şahramanyan kimilər bunu yaxşı anlayır”.
Ülkər Abdurahmanlı