"Köşkün arxasında gizlənib, görünmür" - "28 May"da cərimələnən sürücülərlə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, ötən gündən etibarən "28 May" metrosunun qarşısına şəxsi avtomobillərin girişi bağlanıb. Bu qərar sürücülər arasında müəyyən narazılıqlar yaradıb. Belə ki, qərardan xəbərsiz olanlar və ya qaydanı pozanlar dərhal 80 manat məbləğində cərimə ediliblər.
Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, sürücülərin əksəriyyəti diqqətsizlik ediblər:
“Onlar nişanlara, nişanlanma xətlərinə, digər yol hərəkəti infrastrukruna fikir vermədən əraziyə daxil olurlar. Çox istərdim ki, yol polisləri bir neçə gün, ən azı bu həftə ərzində sürücüləri cərimələməyə yox, onları maarifləndirməyə üstünlük versinlər. Çünki cərimə məbləği də çox böyükdür. Həm də Dilarə Əliyeva küçəsindən dönmə məsələsində də müəyyən problemlər var. Vətəndaşlar qeyd edirlər ki, nişan köşkün arxasında gizlənib, görünmür. Belə məhdud şəraitdə sürücüləri başa düşmək lazımdır”.
Ekspert qeyd edib ki, sözügedən infrastrukturun qurulması barədə məlumat da qəfil oldu:
“Bu baxımdan, insanlara anlayış göstərmək lazımdır. Həm yol polisi, həm də AYNA-nın əməkdaşları “Giriş qadağandır” nişanın ətrafında dayansalar, orada xidmət aparsalar, yaxınlaşan sürücülərə nişanları göstərsələr, bu barədə məlumat versələr, yaxşı olardı, nəinki, kənar yerdə gözləyib sürücünün nişan tələbini pozmasını gözləmək..Bu, yaxşı hal deyil. Artıq ciddi narazılıqlar var. Bu məsələ insanlarda qıcıq yaradır, diqqətli olmaq lazımdır. Ümumilikdə, həmin ərazidə nəqliyyatın hərəkətinin hansısa formada tənzimlənməsi həyata keçirilməlidir”.
Xatırladaq ki, bundan əvvəl isə Şura parkın ətrafındakı Rəsul Rza, Xaqani və Qoqol küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib.
Günay